BAKI,TurkicWorld
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
TurkicWorld xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərinin və Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin ikitərəfli münasibətlərin inkişafındakı əhəmiyyəti vurğulanıb.
Tərəflər səfər çərçivəsində əldə olunan razılaşmaların enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd ediblər.
Görüşdə Azərbaycanın təbii qazının Almaniyaya tədarükü məsələsi də diqqət mərkəzində olub. Bununla yanaşı, Azərbaycanın bərpa olunan enerji potensialından istifadə imkanları və ölkənin elektrik şəbəkəsinin gücləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib.
Tərəflər həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin Avropa bazarlarına ixracı perspektivlərini nəzərdən keçiriblər.
Görüşdə enerji təhlükəsizliyi, enerji keçidi, neft-qaz sektoru, bərpa olunan enerji və enerji səmərəliliyi daxil olmaqla əsas istiqamətlər üzrə Azərbaycan-Almaniya əməkdaşlığının inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.







