BAKI,TurkicWorld
Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişafı, enerji, sənaye və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
TurkicWorld xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi Gerlind Hekmanla görüşüb.
Görüş zamanı iki ölkə arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Əlaqələrin şaxələndirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi və işgüzar əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər enerji sahəsində tərəfdaşlığın inkişafı, sənaye və texnologiya istiqamətində yeni təşəbbüslərin əlaqələndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Həmçinin Azərbaycan–Almaniya Biznes Şurasının və Almaniya–Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclaslarının keçirilməsi məsələləri müzakirə edilib.







