Son dəqiqə

Azərbaycan

Azərbaycan və Gürcüstan yük qatarlarının sərhəddən keçidini sürətləndirir

Bakı,TurkicWorld

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Kəsik, Qardabani və Tbilisi dəmir yolu stansiyalarına səfər edib.

Bu barədə ADY məlumat yayıb.

Səfər çərçivəsində Gürcüstan Dəmir Yollarının rəhbərliyi ilə iki ölkə arasında dəmir yolu daşımalarının daha operativ təşkili və sərhəd-keçid proseslərinin sürətləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Stansiyalarda qatarların qəbulu, emalı və yola salınması prosesləri, mövcud infrastrukturun imkanları nəzərdən keçirilib.

Əsas diqqət Azərbaycan–Gürcüstan sərhədində yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasına, sərhəd və gömrük nəzarəti prosedurlarının optimallaşdırılmasına, qatarların fasiləsiz hərəkətinin təmin edilməsinə və mümkün vaxt itkilərinin aradan qaldırılmasına yönəldilib.

Qardabani və Tbilisi stansiyalarında daşımaların təşkili, qatarların hərəkətinin əlaqələndirilməsi və əməliyyat proseslərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə də tanışlıq olub.

Tərəflər əməliyyat mexanizmlərinin təkmilləşdirilməsinin, texniki prosedurların sadələşdirilməsinin, təkrarlanan əməliyyatların aradan qaldırılmasının və operativ məlumat mübadiləsinin vacibliyini vurğulayıblar.

Görüşdə əvvəlki razılaşmaların icra vəziyyəti də nəzərdən keçirilib. Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatarların fasiləsiz hərəkətinin təşkili və vaqonlara texniki baxış prosedurlarının optimallaşdırılması istiqamətində müsbət nəticələr əldə olunduğu bildirilib.

ADY-nin məlumatına görə, əvvəlki razılaşmalar çərçivəsində tətbiq olunan yeni əməliyyat yanaşmaları yük qatarlarının sərhəddən keçid müddətinin iki dəfə azaldılmasına imkan yaradır.

Qeyd olunub ki, görülən tədbirlər iki ölkə arasında dəmir yolu əlaqələrinin gücləndirilməsinə, beynəlxalq yükdaşımaların operativliyinin artırılmasına, tranzit müddətinin azaldılmasına və Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Mövzuya görə xəbərlər