Son dəqiqə

İran Dəniz təhlükəsizliyi Hörmüz boğazı dəniz nəqliyyatı Neft tankerləri Fars körfəzi Boğaz İdarəsi enerji daşımaları Gəmilərin qara siyahısı

İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Fars Körfəzi Boğaz İdarəsi daha 11 gəmini tələblərə əməl etmədikləri əsas gətirilərək qara siyahıya salıb. Bununla da İranın Hörmüz boğazından keçməsinə icazə vermədiyi gəmilərin ümumi sayı 56-ya çatıb.

TurkicWorld xəbər verir ki, İranın qərarı ötən həftə 45 tankerin Hörmüz boğazında müəyyən edilmiş hərəkət qaydalarını pozmaqda ittiham edilərək qara siyahıya salınmasından sonra qəbul edilib. Yeni qərarla siyahıya daha 11 gəmi əlavə olunub.

Qadağa tətbiq olunan gəmilər arasında xam neft, mayeləşdirilmiş təbii qaz, mayeləşdirilmiş neft qazı və neft məhsulları daşıyan gəmilər var. İran tərəfi onların Hörmüz boğazından keçid qaydalarına əməl etmədiyini bildirir.

İran, həmçinin qara siyahıya salınmış gəmilərlə əməkdaşlıq edən digər gəmilərə də eyni məhdudiyyətlərin tətbiq olunacağı barədə xəbərdarlıq edib. Bu, xüsusilə dənizdə bir gəmidən digərinə yük ötürülməsi əməliyyatlarına şamil oluna bilər.

Fars Körfəzi Boğaz İdarəsi qara siyahıdan çıxmaq istəyən gəmilərin əsaslandırılmış rəsmi müraciət təqdim etməli olduğunu açıqlayıb.

Hörmüz boğazında yaranmış gərginlik artıq gəmi hərəkətinə də ciddi təsir göstərir. Sentyabrın 1-də boğazdan cəmi dörd yük gəmisinin keçdiyi, son 10 gün üzrə gündəlik orta göstəricinin isə təxminən 13 gəmi olduğu bildirilir.

Hörmüz boğazı dünya enerji daşımalarının əsas dəniz yollarından biridir. Qarşıdurmadan əvvəl dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən beşdə biri bu keçiddən daşınırdı.

Mövzuya görə xəbərlər