BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Tehranın Hörmüz boğazı üzərində tam suveren nəzarətə malik olduğunu bildirib. O, İranın boğazdakı fəaliyyətini ölkənin hüquqi və suveren hüquqlarının həyata keçirilməsi kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Rza Arif Hörmüz boğazına nəzarətin İranın milli sərvətləri üzərində qanuni və suveren hüquqlarının həyata keçirilməsi olduğunu deyib.
“Hörmüz boğazı İranın mülkiyyətidir”, – Məhəmməd Rza Arif bildirib.
İran rəsmisi ölkəsinin Hörmüz boğazı ilə bağlı mövqeyinin dəyişmədiyini və Tehran üçün bu su yolunun milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Məhəmməd Rza Arif İranın mümkün hərbi təhdidlərə qarşı tam hazır olduğunu da bildirib.
“Düşmənlə qarşıdurmaya tam hazırıq”, – İranın birinci vitse-prezidenti deyib.
O, İrana qarşı istənilən təhdidə sərt cavab veriləcəyini vurğulayaraq ölkəsinin təhlükəsizliyinə yönəlmiş addımların cavabsız qalmayacağını bildirib.
Açıqlama Hörmüz boğazının hüquqi vəziyyəti, gəmiçilik azadlığı və boğaza nəzarət məsələlərinin bölgədə əsas mübahisə mövzularından birinə çevrildiyi dövrdə səsləndirilib.







