Son dəqiqə

ABŞ Misir Qətər Doha Hörmüz boğazı Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Əl-Ələmeyn

Qətərin xarici işlər naziri Hörmüz boğazında “şantaja” son qoymağa çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Hörmüz boğazında gəmilərin hərəkətinin İranla ABŞ və İsrail arasında müharibədən əvvəlki vəziyyətə qaytarılmasının vacibliyini bildirib. O, münaqişə tərəflərindən heç birinin boğazdakı vəziyyətdən digər tərəfə təzyiq göstərmək və onu “şantaj etmək” üçün istifadə etməməli olduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, Şeyx Məhəmməd bu barədə Misirin Əl-Ələmeyn şəhərində keçirilən yüksək səviyyəli danışıqlardan sonra təşkil olunan mətbuat toplantısında danışıb. Qətərin baş naziri Hörmüz boğazında normal və təhlükəsiz gəmi hərəkətinin bərpa olunmasına çağırıb.

Şeyx Məhəmməd bildirib ki, müharibənin nəticələri yalnız Körfəz bölgəsi üçün deyil, dünyanın digər hissələri üçün də ağır olub. Onun sözlərinə görə, qarşıdurmanın təsirləri regional sərhədləri aşaraq daha geniş miqyasda özünü göstərib.

Qətər rəsmisi Hörmüz boğazındakı vəziyyətin müharibədən əvvəlki qaydaya qayıtmasının vacibliyini vurğulayıb. Doha boğazdan gəmilərin hərəkətinə maneələrin aradan qaldırılmasını istəyir.

Şeyx Məhəmməd Hörmüz boğazındakı gəmiçiliyə qarşı yönəlmiş təhdidləri də pisləyib. O, boğazda gəmilərin sərbəst hərəkətinə yaradılan hər hansı maneənin qəbuledilməz olduğunu bildirib.

Qətərin mövqeyinə görə, strateji su yolunun münaqişə tərəfləri arasında siyasi və hərbi təzyiq vasitəsinə çevrilməsinə yol verilməməlidir. Doha bölgədəki problemlərin danışıqlar və diplomatik vasitələrlə həll edilməsinin tərəfdarıdır.

Hörmüz boğazı Körfəz ölkələrinin enerji ehtiyatlarının dünya bazarlarına daşınmasında mühüm əhəmiyyət daşıyır. Boğazdakı təhlükəsizlik vəziyyətinin pisləşməsi beynəlxalq enerji daşımalarına və dünya iqtisadiyyatına təsir göstərə bilər.

Mövzuya görə xəbərlər