BAKI,TurkicWorld,Yusif Şərifzadə
İordaniya və Qətərin xarici işlər nazirləri telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması, İranla bağlı münaqişənin diplomatik yollarla həlli və regional təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində görülən səyləri müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Sani ilə İordaniyanın xarici işlər naziri Əymən Səfədi bölgədə sabitliyin bərpası üçün bütün gərginlik səbəblərini əhatə edən hərtərəfli razılaşmanın vacibliyini vurğulayıblar.
İordaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdə təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, eləcə də mövcud böhranın siyasi və diplomatik yollarla aradan qaldırılması istiqamətində beynəlxalq səyləri müzakirə ediblər.
Telefon danışığı zamanı İsrailin Qəzza zolağı və işğal altında olan İordan çayının qərb sahilində həyata keçirdiyi əməliyyatlar da gündəmə gətirilib. İordaniya Xarici İşlər Nazirliyi bu addımları "təhlükəli eskalasiya" kimi qiymətləndirib.
Qətər tərəfi danışıqla bağlı əlavə açıqlama yayımlamayıb.







