BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyədə yaradılan Yeni Partiyanın nizamnaməsi və proqram sənədinin dərc olunması ölkənin siyasi gündəmində geniş müzakirələrə səbəb olub. Sənədlərdə yer alan bəzi müddəalar, xüsusilə yerli idarəetmə, gender siyasəti və əsas anlayışların istifadəsi ilə bağlı müxtəlif siyasi qiymətləndirmələrə yol açıb.
65 maddədən ibarət partiya nizamnaməsi və beş bölmədən ibarət proqram sənədində "aktiv vətəndaşlıq", "plüralist demokratiya", "bərabər vətəndaşlıq", "cinsi oriyentasiya" və "sosial cins" kimi anlayışlara yer verilir.
Sənəddə gender bərabərliyi siyasətinin gücləndirilməsi və İstanbul Konvensiyasının tam şəkildə tətbiq olunmasının dəstəkləndiyi qeyd edilir. Proqramda "gender bərabərliyi"nin insanların cinsindən asılı olmayaraq hüquqlara, imkanlara, qərarların qəbulunda iştiraka və resurslara bərabər çıxışının təmin edilməsini hədəflədiyi bildirilir.
Yerli idarəetmələrlə bağlı müddəalar diqqət çəkir
Proqramın ən çox müzakirə olunan hissələrindən biri Avropa Yerli Özünüidarəetmə Xartiyasına münasibətlə bağlıdır.
Sənəddə Xartiyanın tam şəkildə tətbiqinin dəstəkləndiyi, yerli idarəetmə orqanlarının inzibati və maliyyə muxtariyyətinin gücləndirilməsinin nəzərdə tutulduğu bildirilir.
Bu müddəa siyasi dairələrdə fərqli qiymətləndirilir. Tənqidçilər hesab edirlər ki, belə yanaşma Türkiyənin unitar idarəetmə modeli ilə bağlı müzakirələr yarada bilər. Digər tərəfdən, bu yanaşmanı dəstəkləyənlər isə bunun Avropa Yerli Özünüidarəetmə Xartiyasına uyğun olaraq yerli idarəetmələrin səlahiyyətlərinin genişləndirilməsinə yönəldiyini bildirirlər.
Sənəddə istifadə olunan anlayışlar da müzakirə olunur
Proqramla bağlı müzakirələrdə diqqət çəkən digər məqam sənəddə işlədilən terminologiyadır.
Bəzi media orqanları və siyasi şərhçilər proqram mətnində "Vətən", "Türk milləti", "Mavi Vətən" və "milli" ifadələrinin yer almadığını qeyd edərək bunu tənqid ediblər.
Eyni zamanda sənəddə FETÖ ilə mübarizə, Qəzza, Fələstin və digər beynəlxalq məsələlərə ayrıca istinad edilmədiyi də diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.
Yeni Partiya rəhbərliyi isə proqramın giriş hissəsində Türkiyədə demokratik dəyişikliklər, iştirakçılıq və vətəndaşların qərarvermə prosesində rolunun artırılması hədəfini ön plana çıxardığını bəyan edir.
Partiya proqramı ilə bağlı müzakirələrin yaxın dövrdə Türkiyənin siyasi gündəminin əsas mövzularından biri olacağı gözlənilir.




