BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Qrup rəhbəri Özgür Özəlin yeni siyasi partiya yaradacağını bəyan etməsindən sonra partiya daxilində siyasi mövqelərlə bağlı müzakirələr davam edir. Keçmiş Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Karalar yeni siyasi quruma qoşulmayacağını açıqlayıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Karalar jurnalist Hilal Köylüyə açıqlamasında siyasi fəaliyyətini CHP sıralarında davam etdirəcəyini bildirib.
"CHP-də qalacağam. Mən 54 illik CHP üzvüyəm. Mənim üçün şəxslər deyil, prinsiplər önəmlidir. Mübarizə Atatürkün iki böyük əsərindən biri olan CHP-də davam etməlidir", – deyə Karalar vurğulayıb.
Özgür Özəlin yeni partiya təşəbbüsündən sonra Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaşın da hansı siyasi mövqeni seçəcəyi diqqət mərkəzindədir. Siyasi kulislərdə yayılan iddialara görə, Yavaşın Kemal Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP-də fəaliyyətini davam etdirməyə üstünlük verdiyi bildirilir.
Eyni zamanda, Mersin Böyükşəhər Bələdiyyə Başçısı Vahap Seçer və İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cemil Tuqayın da CHP-də qalmaq qərarı verdiyi iddia olunur.
Rəsmi olaraq nə Mansur Yavaş, nə də digər adı çəkilən bələdiyyə sədrləri bununla bağlı açıqlama verməyiblər. Hazırda onların siyasi gələcəyi ilə bağlı yayılan məlumatlar kulis iddiaları kimi qiymətləndirilir






