Son dəqiqə

Ekrem İmamoğlu Muhittin Böcek Özgür Özel CHP-də korrupsiya

Muhittin Böcekdən Ekrem İmamoğlu barədə ağır iddialar - “Namizədlik üçün 15 milyon avro tələb olundu”

BAKI,TurkicWorld Orxan Qədirzadə

Antalya Böyükşəhər Bələdiyyəsində korrupsiya faktları ilə bağlı aparılan istintaq çərçivəsində həbsdə mühakimə olunan Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek prokurorluğa verdiyi yeni ifadəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu ilə bağlı ciddi iddialar irəli sürüb.

Muhittin Böcek vəkilləri vasitəsilə Antalya Respublika Baş Prokurorluğuna təqdim etdiyi əlavə ifadəsində bildirib ki, daha əvvəl verdiyi ifadədə CHP sədri Özgür Özəlin göstərişi ilə namizədliyi dəstəkləmək məqsədilə oğlu Gökhan Böcek vasitəsilə CHP Baş Qərargahında Veli Ağbabaya 1 milyon avro göndərdiyini açıqlayıb. O, həmçinin Özgür Özəlin istiqamətləndirməsi ilə 2024-cü il yanvarın 15-də Manisada bir çanta içərisində 950 min avronu Fərdi Zeyrəyə təhvil verdiyini də iddia edib.

Yeni ifadəsində isə Muhittin Böcek bildirib ki, 2024-cü il yerli özünüidarəetmə seçkilərində Antalya Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə yenidən namizəd olmaq məqsədilə fəaliyyət göstərdiyi dövrdə Muratpaşa Bələdiyyəsinin sədrinin Ekrem İmamoğlu ilə görüşdüyünü öyrənib. Onun sözlərinə görə, həmin görüşdə bələdiyyə sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı təminatlar verilib və bunun müqabilində böyük məbləğdə maliyyə vəsaiti ayrılacağı bildirilib.

Böcek qeyd edib ki, bu məlumatlardan sonra Ekrem İmamoğlu ilə şəxsən görüşmək qərarına gəlib və namizədliyi rəsmi açıqlanmamışdan əvvəl – 2023-cü il noyabrın 30-da təyyarə ilə İstanbula gedib.

Onun sözlərinə görə, İstanbuldakı "Renaissance İstanbul Polat Bosfor" otelində Ekrem İmamoğlu ilə təxminən bir saat davam edən görüş keçirilib. Böcek bildirib ki, həmin görüşdə onun xüsusi katibi Yasin Yellice də şahid olub. Görüş başa çatdıqdan sonra otelin eyvanında birlikdə şəkil çəkdiriblər və həmin şəkli sonradan sosial şəbəkə hesabında paylaşıb.

Muhittin Böcek iddia edib ki, görüş zamanı Ekrem İmamoğlu ona başqa heç kimə namizədlik sözü vermədiyini və seçimini onun üzərində etdiyini bildirib. Eyni zamanda seçki kampaniyasının maliyyələşdirilməsi üçün böyük məbləğdə vəsaitə ehtiyac olduğunu, gələcəkdə isə prezident seçkilərində namizəd olmağı planlaşdırdığını söyləyib.

Böcek bildirib ki, İmamoğlu gələcək siyasi planlarından danışarkən Antalyanın həm iqtisadi, həm də sosial baxımdan mühüm rol oynayacağını qeyd edib və onun da bu prosesə hazır olmalı, dəstək verməli olduğunu bildirib.

İfadəyə əsasən, Ekrem İmamoğlu Muhittin Böcekdən təxminən 15 milyon avro həcmində maliyyə dəstəyi istəyib. Böcek isə bu məbləği imkan daxilində və mərhələli şəkildə ödəyəcəyinə söz verdiyini bildirib.

Muhittin Böcek daha sonra həmin vəsaitin bir hissəsinin qeyri-rəsmi pul köçürmə sistemi vasitəsilə çatdırıldığını iddia edib.

Onun sözlərinə görə, şəxsi vəsaiti ilə yanaşı, seçki büdcəsinin bir hissəsinin saxlanıldığı dostlarından birinə 5 milyon avroya ehtiyac duyduğunu bildirib və bu pulla İstanbulda ödəniş edəcəyini deyib.

Bir neçə gün sonra həmin şəxslə görüşdüyünü bildirən Böcek qeyd edib ki, ona üzərində 100 türk lirəsi olan əskinasın şəkli göstərilib. Daha sonra həmin əskinas və üzərində ad-soyad, həmçinin telefon nömrəsi yazılmış kağız zərfə qoyularaq ona təqdim edilib.

Böcek bildirib ki, ona izah edilib ki, həmin zərf ödənişi qəbul edəcək şəxsə təqdim olunmalıdır və həmin şəxs bu sənədlər vasitəsilə İstanbulun Qapalı Çarşısında pulu əldə edə biləcək. Onun sözlərinə görə, söhbət "havala" adlanan qeyri-rəsmi pul köçürmə sistemindən gedirdi.

Muhittin Böcek bildirib ki, Ekrem İmamoğlunun tələb etdiyi məbləğin bir hissəsini ödəmək məqsədilə təxminən iki həftə sonra, 2023-cü il dekabrın 16-da onunla telefon əlaqəsi saxlayaraq İstanbula gələcəyini bildirib.

O, ertəsi gün təyyarə ilə İstanbula uçduğunu və xatırladığına görə, Ekrem İmamoğlunun seçki qərargahı kimi istifadə etdiyi binaya getdiyini deyib.

Böcek bildirib ki, həmin binada Ekrem İmamoğlu ilə yenidən təkbətək görüşüb və özü ilə gətirdiyi əskinası, eləcə də telefon nömrəsi yazılmış kağızı ona təqdim edib.

Onun sözlərinə görə, görüş zamanı tələb olunan pulun qalan hissəsini də sonrakı mərhələlərdə ödəyəcəyini bildirib. Lakin Ekrem İmamoğlu həbs olunduqdan sonra bu öhdəliyi yerinə yetirmədiyini iddia edib.

Muhittin Böcek əlavə edib ki, Ekrem İmamoğlu ilə keçirdiyi hər iki görüş zamanı xüsusi katibi Yasin Yellice onunla birlikdə olub.

İfadəsinin davamında Muhittin Böcek Ekrem İmamoğlunun siyasi fəaliyyətini də kəskin tənqid edib.

O bildirib ki, Ekrem İmamoğlu bələdiyyə rəhbəri kimi fəaliyyətini ikinci plana keçirərək vaxtından əvvəl prezident seçkilərinə hazırlaşmağa başlayıb və bütün siyasi qərarların vahid mərkəzdən idarə olunmasına çalışıb.

Böcekin sözlərinə görə, bu yanaşma CHP-nin Baş Qərargahına və partiya sədri Özgür Özələ də təsir göstərib, nəticədə partiyanın təbii siyasi fəaliyyəti zərər görüb.

Muhittin Böcek hesab edir ki, Ekrem İmamoğlunun prezident olmaq hədəfi və bütün qərarları tək mərkəzdən idarə etmək istəyi onun siyasi fəaliyyətində üstünlük təşkil edib.

O bildirib ki, plansız və nəzarətsiz şəkildə həyata keçirilən bu proses başda Antalya olmaqla bir çox CHP bələdiyyəsinə mənfi təsir göstərib, siyasi narazılıqları artırıb və ictimai xidmətlərin ikinci plana keçməsinə səbəb olub.

Muhittin Böcek iddia edib ki, Ekrem İmamoğlu zaman keçdikcə təkcə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri deyil, həm də bütün bələdiyyə sədrlərinin müəyyənləşdirilməsində həlledici təsirə malik siyasi fiqura çevrilib.

Onun sözlərinə görə, hətta CHP Partiya Məclisi və partiya sədri Özgür Özəl də bir çox məsələdə Ekrem İmamoğlunun mövqeyindən kənar qərar qəbul edə bilmirdi. Böcek bunun sağlam siyasi idarəçilik baxımından düzgün olmadığını bildirib.

Muhittin Böcek qeyd edib ki, yüz ildən artıq tarixə malik CHP kimi siyasi partiyanın idarə olunması, eyni zamanda İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi və dörd il sonra keçiriləcək prezident seçkilərinə hazırlığın paralel aparılması erkən seçki müzakirələri ilə birlikdə demokratik ənənələr baxımından mübahisəli siyasi mühit formalaşdırıb.

O, həmçinin bildirib ki, Ekrem İmamoğlu prezidentlik məqsədi naminə iqtisadi, media və sosial şəbəkələr istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirib, bələdiyyələri, millət vəkillərini, iş adamlarını, jurnalistləri və müxtəlif ictimai qrupları bu prosesin tərkib hissəsinə çevirib.

Muhittin Böcek qeyd edib ki, CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun bir neçə gün əvvəl səsləndirdiyi "Bələdiyyələr partiya rəhbərlərinin və mərkəzi qərargahın tələblərini yerinə yetirmək üçün yaradılmayıb" fikri də bu müzakirələrin mahiyyətini əks etdirir.

Böcek bildirib ki, iki il bələdiyyə sədri kimi fəaliyyət göstərən şəxs olaraq qəbul edir ki, bələdiyyələrdə qanunvericilikdən və praktikadan irəli gələn müəyyən nöqsanlar ola bilər. Lakin onun fikrincə, CHP bələdiyyələrinin cəmiyyət arasında qazandığı güclü dəstəyin zəifləməsinin əsas səbəblərindən biri siyasi məqsədlərin bələdiyyə fəaliyyətindən üstün tutulmasıdır.

O hesab edir ki, bu vəziyyət həm CHP-yə, həm də Türkiyəyə zərər vurur.

Muhittin Böcek bildirib ki, Ekrem İmamoğlunun partiya daxilində həlledici siyasi iradə formalaşdırmaq cəhdləri, bütün qərarların son mərhələdə onun razılığı ilə qəbul edilməsini istəməsi və demokratik prinsiplərə uyğun olmayan səlahiyyət mərkəzləşməsi sağlam siyasi mühit yaratmayıb.

O, bu fikirləri şəxsi ambisiyaların bütöv bir qurumu necə qeyri-müəyyənlik, narahatlıq və müdafiəsizlik vəziyyətinə sala biləcəyini göstərmək məqsədilə ictimaiyyətin diqqətinə çatdırdığını bildirib.

İfadədə "havala" adlandırılan qeyri-rəsmi pul köçürmə sistemi barədə də məlumat verilib.

Bildirilib ki, bu sistem bank əməliyyatlarından istifadə edilmədən, rəsmi qeydiyyata düşmədən və yüksək məxfilik şəraitində böyük məbləğdə nağd vəsaitin köçürülməsinə imkan yaradır.

İddiaya görə, sistemdə istənilən əskinas xüsusi kod rolunu oynayır. Əskinasın seriya nömrəsi və ya onun özü təhlükəsizlik elementi kimi istifadə olunur. Pul göndərən şəxs həmin əskinasın şəklini çəkir, onu və əlaqə məlumatlarının yazıldığı kağızı zərfə qoyaraq ödənişi qəbul edəcək şəxsə verir.

Sonra həmin şəxs göstərilən əlaqə vasitələri ilə adətən Qapalı Çarşıda fəaliyyət göstərən qeyri-rəsmi valyuta dəyişdirənlərə müraciət edir. Şifrə rolunu oynayan əskinas təqdim edildikdən sonra nəzərdə tutulan məbləğ nağd şəkildə ödənilir. İddiaya əsasən, bu sistemdə pulun hansı məntəqədən veriləcəyi əvvəlcədən məlum olmur və proses tam məxfilik prinsipi ilə həyata keçirilir.

Mövzuya görə xəbərlər