Son dəqiqə

Türkiyə Böyük Millət Məclisi Özgür Özel yeni partiya CHP-də parçalanma Türkiyə siyasi böhranı Yeni Partiya Türkiyə CHP millət vəkilləri istefası

CHP-də tarixi parçalanma - Özgür Özel və 91 deputat yeni partiya yaratdı

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyənin əsas müxalifət partiyalarından olan Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verən daxili böhran parçalanma ilə nəticələnib. CHP-dən ayrılan Özgür Özel və 91 millət vəkili yeni siyasi qurum – “Yeni Parti”nin yaradılması üçün rəsmi addım atıb.

Yeni partiyanın yaradılması CHP-də rəhbərlik böhranı fonunda baş verib. Məhkəmənin partiyanın əvvəlki qurultayı ilə bağlı verdiyi qərardan sonra siyasi proseslər daha da gərginləşib. Qərardan sonra Özgür Özel rəhbərlikdən uzaqlaşdırılıb, daha sonra isə partiya daxilində yeni qurultay tələblərinin qarşılanmaması fonunda tərəfdarları ilə birlikdə CHP-dən ayrılmaq qərarı verib.

Məlumata görə, Özgür Özel “Yeni Parti”nin yaradılması ilə bağlı təsis sənədlərini imzalayıb və sənədlər Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim edilib.

Yeni siyasi qurumun təsisçiləri arasında Özgür Özel ilə yanaşı, daha 90 CHP millət vəkili yer alıb. Beləliklə, ümumilikdə 91 deputat yeni partiyanın Qurucular Şurasına qoşulub.

CHP parlamentdə əsas müxalifət statusunu itirir

91 deputatın ayrılması Türkiyə Böyük Millət Məclisində (TBMM) siyasi balansı dəyişir. CHP-nin deputat sayı 135-dən 44-ə düşür, “Yeni Parti” isə 91 millət vəkili ilə parlamentin ikinci ən böyük siyasi qrupu mövqeyinə yüksəlir.

Yeni formalaşan partiyanın Türkiyə parlamentində əsas müxalifət statusunu əldə etməsi gözlənilir. Bu dəyişikliklə TBMM-də oturma düzülüşünün və siyasi qrupların bölgüsünün yenilənməsi gündəmə gəlir.

Özel qeyd edib ki, partiyanın ilk toplantısında sədr, Partiya Məclisi, Mərkəzi İdarə Heyəti və parlament rəhbərliyi ilə bağlı qərarlar qəbul ediləcək.

Yeni partiyanın təşkilatlanma planı

“Yeni Parti”nin Ankara şəhərində fəaliyyət göstərəcək qərargahının hazırlanması planlaşdırılır. Partiyanın payız aylarında böyük qurultay keçirərək əsas rəhbərlik strukturlarını formalaşdıracağı bildirilib.

Yeni siyasi təşkilatın qarşıdakı dövrdə ölkə üzrə regional təşkilatlanma prosesinə başlayacağı və Özgür Özelin müxtəlif bölgələrə səfərlər edəcəyi qeyd olunur.

Türkiyə siyasətində baş verən bu parçalanma ölkənin müxalifət blokunda ciddi dəyişiklik kimi qiymətləndirilir və qarşıdakı siyasi proseslərə təsir göstərə biləcəyi gözlənilir.

Mövzuya görə xəbərlər