Azərbaycan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisi İslam Əməkdaşlıq Təşkilatı İslam Dünyası

Azərbaycan və Türkiyə İslam dünyasında mühüm rol oynaya biləcək ölkələrdir - Numan Kurtulmuş

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Konfransı çərçivəsində jurnalistlərə verdiyi açıqlamada qlobal siyasi sistemdə baş verən dəyişikliklərə, İslam dünyasının gələcək roluna və müsəlman ölkələri arasında əməkdaşlığın əhəmiyyətinə toxunub.

Numan Kurtulmuş bildirib ki, dünya hazırda dərin geosiyasi dəyişikliklər dövründən keçir və mövcud beynəlxalq sistem artıq əvvəlki formasında fəaliyyət göstərə bilməz.

Onun sözlərinə görə, uzun illər beynəlxalq münasibətlərə hakim olan təkqütblü dünya modeli faktiki olaraq sona çatıb və həmin sistemin yenidən bərpa olunması mümkün görünmür.

“Dünyada köhnə sistem dağılıb. Artıq həmin sistemin geri qayıtması mümkün deyil. Təkqütblü dünya nizamının mövcudluğu real deyil. Heç bir dövlətin və ya regionun dünyanı təkbaşına idarə etməsi mümkün deyil. Yeni dövr başlayır”, – deyə Türkiyə parlamentinin sədri vurğulayıb.

Kurtulmuş qeyd edib ki, hazırda dünyanın müxtəlif bölgələrində müşahidə olunan müharibələr, siyasi böhranlar və gərginliklər yeni beynəlxalq sistemin formalaşmasının əlamətləridir.

Onun fikrincə, bəşəriyyət yeni geosiyasi mərhələyə qədəm qoyur və bu mərhələdə bir neçə güc mərkəzinin mövcud olduğu çoxqütblü beynəlxalq nizam formalaşacaq.

“Bu proses əslində yeni dünyanın doğuluş mərhələsidir. Yeni siyasi və iqtisadi mərkəzlər meydana çıxacaq. Dünya çoxmərkəzli idarəetmə modelinə doğru irəliləyir”, – deyə o bildirib.

Bakıda keçirilən tədbirin əhəmiyyətinə toxunan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına sədrlik vəzifəsinin Azərbaycana keçməsini mühüm hadisə kimi qiymətləndirib.

O, dost və qardaş Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirərək Azərbaycanı yeni sədrliyi münasibətilə təbrik edib.

Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb ki, qlobal dəyişikliklər fonunda İslam dünyasının qarşısında mühüm imkanlar yaranır.

Onun sözlərinə görə, təxminən iki milyard əhalini əhatə edən İslam coğrafiyası həm demoqrafik baxımdan, həm də strateji mövqeyi ilə böyük potensiala malikdir.

Kurtulmuş qeyd edib ki, dünya enerji marşrutlarının mühüm hissəsi, beynəlxalq ticarət yolları və geosiyasi əhəmiyyət daşıyan bölgələr məhz İslam ölkələrinin yerləşdiyi ərazilərdən keçir.

Bununla belə, o hesab edir ki, mövcud potensial hələ tam şəkildə istifadə olunmur.

Türkiyəli siyasətçi İslam ölkələri arasında mövcud olan fikir ayrılıqlarının, siyasi baxış fərqlərinin, etnik və məzhəbi müxtəlifliyin qarşıdurma vasitəsinə çevrilməsinin yolverilməz olduğunu bildirib.

“İslam ölkələri arasındakı fikir ayrılıqları, siyasi fərqlər, etnik və məzhəbi müxtəliflik qarşıdurmaya çevrilməməlidir. Biz bunları zənginlik kimi qəbul etməliyik. Əgər belə yanaşsaq, qlobal proseslərdə daha təsirli rol oynaya bilərik”, – deyə Kurtulmuş vurğulayıb.

O, həmçinin İslam dünyasında institusional, siyasi və intellektual islahatlara ehtiyac olduğunu bildirib.

Kurtulmuşun sözlərinə görə, dövlət institutlarının gücləndirilməsi, beynəlxalq təşkilatların fəaliyyət imkanlarının artırılması, qərar qəbuletmə proseslərində iştirakçılığın genişləndirilməsi və məsləhətləşmə mexanizmlərinin inkişaf etdirilməsi vacibdir.

Türkiyə parlamentinin sədri qeyd edib ki, müsəlman ölkələri elm, texnologiya, sənaye və yüksək texnologiyalar sahəsində də ciddi potensiala malikdir.

Onun fikrincə, hazırda bu imkanlar müxtəlif ölkələrdə ayrı-ayrılıqda mövcuddur və onların vahid strategiya ətrafında birləşdirilməsi zəruridir.

“İmkanlarımızı ortaq layihələr və ortaq strategiyalar çərçivəsində birləşdirə bilsək, İslam coğrafiyası gələcək dövrdə dünyanın yüksələn güc mərkəzlərindən birinə çevrilə bilər”, – deyə o bildirib.

Kurtulmuş əlavə edib ki, Azərbaycan və Türkiyə İslam dünyasının mərkəzində yerləşən və bu proseslərdə mühüm rol oynaya biləcək ölkələrdir.

Onun sözlərinə görə, regional əməkdaşlığın dərinləşdirilməsi və ortaq təşəbbüslərin həyata keçirilməsi həm ayrı-ayrı dövlətlərin, həm də bütövlükdə İslam dünyasının maraqlarına xidmət edir.

Mövzuya görə xəbərlər