BAKI, TurkicWorld Orxan Qədirzadə
Livanın cənubunda yaradılması nəzərdə tutulan “pilot zonalar” layihəsi ölkədə dövlət hakimiyyətinin gücləndirilməsi istiqamətində ilk praktik mərhələ kimi qiymətləndirilir. ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında aparılan danışıqlarla paralel həyata keçirilən bu mexanizmin uğuru onun gələcəkdə digər bölgələrə də şamil edilib-edilməyəcəyini müəyyənləşdirəcək.
Məlumata görə, avqustun əvvəlində Romada Livan və İsrail arasında danışıqların yeddinci raundunun keçirilməsi planlaşdırılır.
İlk mərhələdə Zəvtər əl-Qərbiyə, Frun və Srifa yaşayış məntəqələrinin seçilməsi yalnız hərbi səbəblərlə deyil, həm də siyasi razılaşmalarla əlaqələndirilir. Bildirilir ki, bu qərar ABŞ Prezidenti Donald Trampla Livan Prezidenti Cozef Aun arasında keçirilən görüşdən əvvəl əldə olunmuş razılaşmaların tərkib hissəsi olub.
Məqsəd dövlət nəzarətini mərhələli şəkildə bərpa etməkdir
Livan parlamentinin deputatı İbrahim Mneymneh bildirib ki, “pilot zonalar” planının əsas məqsədi dövlətin ölkənin bütün ərazisində hakimiyyətini bərpa etmək imkanlarına dair beynəlxalq şübhələri aradan qaldırmaqdır.
Onun sözlərinə görə, İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsi, Livan ordusunun həmin ərazilərə yerləşdirilməsi, silahların dövlət nəzarətinə verilməsi və bərpa işlərinin paralel həyata keçirilməsi öhdəliklərin yerinə yetirilməsi üçün ən real yanaşmadır.
Deputat hesab edir ki, bütün məsələlərin vahid paket kimi müzakirə olunması həm İsrailə bölgədə qalmaq üçün əlavə əsaslar verə, həm də Hizbullahın silahlarını saxlamaq üçün arqument yarada bilər.
Mneymneh vurğulayıb ki, dövlət idarəçiliyinin mərhələli şəkildə genişləndirilməsi daha real yanaşmadır və bu, Livanın beynəlxalq tərəfdaşları ilə etimadın möhkəmlənməsinə kömək edə bilər.
O, eyni zamanda xəbərdarlıq edib ki, prosesin uzanması Hizbullahın təşəbbüsə qarşı etirazlarını gücləndirə və layihənin effektivliyinə dair suallar yarada bilər.
“Bu, həm dövlət, həm də beynəlxalq ictimaiyyət üçün sınaqdır”
"Livan Qüvvələri" blokunun deputatı Fadi Kərəm isə bildirib ki, Livan ordusunun pilot zonalara yerləşdirilməsi həm ölkə hakimiyyəti, həm də beynəlxalq ictimaiyyət üçün ciddi sınaq olacaq.
Onun sözlərinə görə, layihənin uğurlu həyata keçirilməsi dövlət hakimiyyətinin möhkəmlənməsinə, qanunsuz silahlı qrupların fəaliyyətinin məhdudlaşdırılmasına və beynəlxalq etimadın artmasına şərait yarada bilər.
Kərəm qeyd edib ki, ABŞ da Livan ordusunun maneəsiz fəaliyyət göstərməsi üçün zəruri şəraitin yaradılmasına, İsrail tərəfindən mümkün maneələrin qarşısının alınmasına və ordunun dəstəklənməsinə çalışır.
Deputatın fikrincə, prosesin uğuru həm də Hizbullahın layihəyə mane olub-olmamasından asılı olacaq.
"Əgər Livan dövləti qəti siyasi qərar qəbul edibsə, proses düzgün istiqamətdə inkişaf edəcək", – deyə o bildirib.
Danışıqların gələcəyi pilot zonalardan asılı olacaq
Fadi Kərəm hesab edir ki, layihənin uğurlu nəticələnməsi Vaşinqton da daxil olmaqla beynəlxalq tərəfdaşların Livan dövlətinə inamını gücləndirəcək.
Onun sözlərinə görə, bu, ölkənin qeyri-qanuni silahlı qruplardan azad olunması və dövlət institutlarının gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı ola bilər.
Deputat bildirib ki, növbəti mərhələdə Livan ordusunun və dövlət strukturlarının səlahiyyətləri daha geniş ərazilərə şamil edilə, bununla yanaşı İsrail qoşunlarının Livan ərazilərindən çıxarılması istiqamətində daha ciddi addımlar atıla bilər.
Siyasi müşahidəçilərin fikrincə, cənubdakı “pilot zonalar” layihəsinin nəticələri avqust ayında Romada keçirilməsi planlaşdırılan Livan–İsrail danışıqlarının növbəti mərhələsinə də birbaşa təsir göstərəcək.







