Bakı,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinin praktiki icrasına başlanması üçün şəraitin yaradılmasına verdiyi töhfəyə və Vaşinqtonla birgə fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bu barədə Trampın layihənin rəsmi fəaliyyətə başlaması münasibətilə etdiyi videomüraciətində bildirilib.
"Baş nazir Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə bizimlə birgə çalışdıqlarına, bu günü mümkün etdiklərinə, eləcə də Nobel Sülh Mükafatına mənim namizədliyimi irəli sürmək kimi alicənab addımlarına görə bir daha təşəkkür etmək istəyirəm", - deyə ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin hər iki liderin sülh gündəliyinin irəlilədilməsində və Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin sona çatdırılmasında rolunu vurğulayıb.
TRIPP layihəsinin praktiki icrasından danışan ABŞ Prezidenti qeyd edib ki, layihə və onun inkişafı üçün yeni şirkətin yaradılması region boyunca yük və enerji axınları, eləcə də sərnişin daşımaları üçün əlavə ticarət marşrutlarının açılmasına imkan verəcək.
Tramp ABŞ-nin layihənin uğurla həyata keçirilməsini təmin etməyə sadiq olduğunu bildirib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.






