BAKI,TurkicWorld Orxan Qədirzadə
Suriyada narkotiklərin istehsalı, dövriyyəsi və qaçaqmalçılığına qarşı genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir. Ölkə Prezidenti Əhməd əş-Şəra bildirib ki, Suriya əvvəlki dövrdən narkotik istehsalı və yayılması ilə bağlı ağır bir miras qəbul edib və hökumətin əsas prioritetlərindən biri bu təhlükəyə qarşı hərtərəfli müharibə aparmaq, narkotik istehsalı mənbələrini tamamilə aradan qaldırmaq və qaçaqmalçılıq marşrutlarını bağlamaqdır.
Prezident bu fikirləri Dəməşqdə keçirilən və Daxili İşlər Nazirliyi ilə Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi "Narkotiksiz Suriya" milli kampaniyasının açılış mərasimində səsləndirib. Kampaniya narkotiklərlə mübarizə və asılılığın müalicəsini əhatə edən milli proqramın başlanğıcı kimi təqdim olunub.
Tədbirdə yeni hökumətin narkotiklərlə mübarizə istiqamətində gördüyü işlər barədə geniş hesabat təqdim edilib. Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, indiyədək kaptaqon istehsalı ilə məşğul olan 17 gizli istehsal müəssisəsi aşkarlanaraq fəaliyyətinə son qoyulub. Bununla yanaşı, narkotik maddələrin saxlanıldığı 20 anbar müəyyən edilərək müsadirə olunub, həmçinin narkotik qaçaqmalçılığı ilə məşğul olan 90 cinayətkar şəbəkə zərərsizləşdirilib.
Nazirliyin təqdim etdiyi ümumi statistikaya əsasən, hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 697 milyon kapsul kaptaqon ələ keçirilib. Bundan başqa, narkotik istehsalında istifadə olunan 221 ton xammal müsadirə edilib. Əməliyyatlar zamanı həmçinin böyük həcmdə həşiş, kristal metamfetamin, narkotik tərkibli dərman preparatları, kokain və heroin də aşkarlanaraq dövriyyədən çıxarılıb.
Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri Xalid İd bildirib ki, müsadirə edilən narkotik yüklərinin bir hissəsi Suriyaya bəzi qonşu ölkələrdən gətirilib, digər hissəsi isə ölkə daxilində gizli saxlanılan anbarlarda aşkar olunub.
Daxili İşlər Nazirliyi narkotiklərlə mübarizə çərçivəsində ümumilikdə 60 təhlükəsizlik əməliyyatı həyata keçirdiyini açıqlayıb. Bu əməliyyatlardan 28-i İraq, 13-ü İordaniya, 9-u Türkiyə ilə birgə keçirilib. Bundan əlavə, Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə 9, Livanla isə 1 birgə əməliyyat icra olunub.
Bununla belə, Homs vilayətinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəhbəri Mahir əş-Şəbib bildirib ki, sərhəd ərazilərinin mürəkkəb relyefi səbəbindən bəzi bölgələrdə narkotik qaçaqmalçılığı cəhdləri hələ də davam edir.
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq İdarəsinin rəhbəri Vail ər-Rəss kampaniyanın açılışında bildirib ki, nazirliyin strukturunda yeni Psixi Sağlamlıq İdarəsi yaradılıb. Onun sözlərinə görə, bu addım narkotik asılılığının qarşısının alınması və müalicəsi sahəsində institusional bazanın formalaşdırılması məqsədi daşıyır. Eyni zamanda cəmiyyət üzvlərinin profilaktika və müalicə prosesində birbaşa iştirak etməsi üçün xüsusi təlim proqramlarına başlanılıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba isə dövlət televiziya kanalına açıqlamasında bildirib ki, nazirlik qarşıdakı iki-üç il ərzində ölkədə narkotik problemini tamamilə aradan qaldırmağı hədəfləyir.
Qeyd olunub ki, Bəşşar Əsəd hakimiyyətinin son illərində Suriya kaptaqon və digər narkotik vasitələrin istehsalı və ixracı üzrə dünyanın ən tanınmış mərkəzlərindən birinə çevrilmişdi. Bu fəaliyyət devrilmiş hakimiyyət tərəfindən dəstəklənən şəbəkələr vasitəsilə həyata keçirilirdi.
Ərəb ölkələrində kaptaqon ticarətini izləyən Siyasi və İqtisadi Şəbəkələrin Monitorinq Mərkəzinin məlumatına əsasən, 2020–2022-ci illər arasında keçmiş hakimiyyət narkotik ticarətindən hər il orta hesabla 2,4 milyard ABŞ dolları gəlir əldə edib. Bu məbləğ həmin dövrdə Suriyanın ümumi daxili məhsulunun təxminən dörddə birinə bərabər olub







