BAKI,TurkicWorld
Suriya dünya ilə əlaqələrini bərpa etmək, beynəlxalq iqtisadi sistemə yenidən inteqrasiya olunmaq və ölkənin bərpasına başlamaq niyyətindədir.
Bunu Suriyanın İqtisadiyyat və Sənaye naziri Məhəmməd Nidal əl-Şaar Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda panel müzakirəsində bildirib.
Nazir qeyd edib ki, dünya iqtisadiyyatı sürətlə dəyişir və qloballaşma əvvəlki formasından fərqli məzmun alır. Onun sözlərinə görə, süni intellektin sürətli inkişafı qlobal iqtisadi və biznes mühitini əhəmiyyətli dərəcədə transformasiya edir.
Əl-Şaar bildirib ki, uzunmüddətli böhran və məhdud maliyyə imkanları şəraitində olan Suriya üçün qarşıdakı dövrdə əsas vəzifələrdən biri beynəlxalq əlaqələrin yenidən qurulmasıdır.
“15 ildir əziyyət çəkən, məhdud maliyyə resurslarına malik kiçik ölkə kimi bu maneələrdən keçməliyik. Bizim üçün əsas çağırış ilk növbədə dünya ilə əlaqələri bərpa etməkdir. Yenidən əlaqə yaratmalı, yenidən əməkdaşlığa başlamalı və ölkəmizi yenidən qurmalı, bərpa etməliyik. Bu, asan məsələ deyil, çox böyük çağırışdır”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, Suriyanın yenidən qurulması yalnız daxili resurslardan deyil, həm də beynəlxalq əməkdaşlıq, investisiya və yeni tərəfdaşlıqlardan asılı olacaq.
Nazirin sözlərinə görə, dəyişən qlobal iqtisadi reallıqlar Suriya üçün həm ciddi çağırışlar, həm də ölkənin iqtisadi inkişafını sürətləndirmək baxımından yeni imkanlar yaradır.







