BAKI,TurkicWorld,Yusif Şərifzadə
Levant Strateji Araşdırmalar İnstitutunun direktoru Sami Nader hesab edir ki, Livanda son günlər baş verən hadisələr atəşkəsin dayanıqlı əsaslara söykənmədiyini göstərir.
TurkicWorld xəbər verir ki, Sami Naderin sözlərinə görə, İsraillə əldə olunan atəşkəs ilk gündən etibarən olduqca kövrək olub.
O bildirib ki, Livandakı vəziyyəti ABŞ ilə İran arasında gedən daha geniş diplomatik prosesdən ayırmaq mümkün deyil. Naderin fikrincə, Vaşinqton, Tehran və Təl-Əviv fərqli strateji məqsədlər güdürlər.
Analitik qeyd edib ki, ABŞ üçün əsas məsələ İranın nüvə proqramıdır. İsrail isə bunu öz mövcudluğu üçün təhlükə hesab edir. İran isə Livanı öz milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsi kimi görür.
Sami Nader vurğulayıb ki, Livan bu ziddiyyətli maraqların arasında qalıb və bunun bədəlini ödəyən tərəf məhz ölkənin özüdür.
O əlavə edib ki, səhər saatlarından etibarən hərbi əməliyyatların yenidən başlaması atəşkəsə əməl olunmadığını göstərir. Analitikin sözlərinə görə, İsrail Livanın cənubunda daha da irəliləyir və Livandakı böhranı İran məsələsindən ayırmaq cəhdləri uğursuz olub.







