Son dəqiqə

İsrail ABŞ Livan Donald Tramp Hizbullah Litani çayı təhlükəsizlik zonası

İsrail Livanda irəliləyərək danışıqlarda üstünlük qazanmağa çalışır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın cənubunda davam edən hərbi əməliyyatlar fonunda analitiklər hesab edirlər ki, İsrailin əsas məqsədi gələcək danışıqlarda daha əlverişli mövqe əldə etməkdir.

TurkicWorld xəbər verir ki, hazırda İsrail rəsmiləri məsələ ilə bağlı geniş açıqlamalar verməsələr də, yerli media və müstəqil mənbələr Livandakı vəziyyəti yaxından izləyir.

Məlumata görə, İsrail ordusu daha əvvəl yaydığı xəritədə nəzarətdə saxlamaq istədiyi təhlükəsizlik zonasının Litani çayından da şimala doğru genişləndirildiyini göstərib.

Söhbət Livanın işğal altında olan ərazilərindən gedir. Hazırda ən intensiv bombardmanların həyata keçirildiyi məntəqələr də məhz bu istiqamətlər hesab olunur.

Bildirilir ki, İsrail qüvvələri həmin bölgələrdə irəliləməyə çalışarkən Hizbullahla toqquşmalarda itkilər də verir.

Müşahidəçilərin fikrincə, İsrail daha çox yüksəkliklərə və strateji əhəmiyyətli mövqelərə nəzarəti ələ keçirməyə çalışır ki, sonradan həm Livan hökuməti, həm də ABŞ administrasiyası ilə aparılacaq danışıqlarda üstün mövqedən çıxış edə bilsin.

Ekspertlər hesab edirlər ki, əgər ABŞ Prezidenti Donald Trampın administrasiyası gələcəkdə İsrailə geri çəkilmək üçün təzyiq göstərərsə, Təl-Əviv müəyyən ərazilərdən çıxmaq müqabilində strateji mövqeləri əlində saxlamaq üçün bu üstünlüklərdən istifadə etməyə çalışacaq.

Mövzuya görə xəbərlər