BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livandakı vəziyyət ABŞ ilə İsrail arasında son illərin ən ciddi siyasi fikir ayrılıqlarından birinə çevrilib.
TurkicWorld xəbər verir ki, müşahidəçilərin fikrincə, Vaşinqton və Təl-Əviv arasında strateji tərəfdaşlıq davam etsə də, son günlər tərəflər arasında açıq narazılıq əlamətləri daha qabarıq görünməyə başlayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens İsraildə bəzi siyasi dairələrin sərt tənqidlərinin hədəfinə çevriliblər.
İsrail mətbuatında dərc olunan bəzi məqalələrdə Donald Trampın İsraili tək qoyduğu və maraqlarını qurban verdiyi barədə ittihamlar irəli sürülür.
Analitiklər bildirirlər ki, Benyamin Netanyahu üçün ABŞ prezidentinin dəstəyini itirmək təkcə şəxsi siyasi problem deyil, həm də İsrailin strateji maraqları baxımından ciddi risk hesab olunur.
Bu səbəbdən İsraildə bəzi sağçı siyasi qüvvələrin Donald Trampa qarşı şəxsi hücumları azaltmağa çalışdığı qeyd edilir.
Məlumata görə, Donald Trampın İsraildə müxalif siyasi fiqurlarla təmas qurmağa maraq göstərməsi də Netanyahu hökumətində narahatlıq yaradıb.
Ekspertlər hesab edirlər ki, Netanyahu hazırda çətin seçim qarşısındadır. Livandan geri çəkilmək daxildə siyasi dəstəyin azalmasına səbəb ola bilər. ABŞ ilə münasibətlərin pisləşməsi isə İsrail üçün daha ciddi strateji nəticələr doğura bilər.







