BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının bağlandığını bəyan edib və gəmilərə bölgəyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, qurumun yaydığı bəyanatda gəmilərin təhlükəsizliyinin risk altında ola biləcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, qərar İsrailin Livandakı hərbi əməliyyatları və ABŞ-nin atəşkəslə bağlı öhdəliklərini yerinə yetirmədiyi iddiaları ilə əlaqələndirilir. İran tərəfi bunu razılaşmaların pozulması kimi qiymətləndirib.
İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazına yaxınlaşan gəmilərin təhlükəsizlik baxımından risklə üzləşə biləcəyini vurğulayıb.
Bununla yanaşı, ABŞ rəsmiləri boğazın faktiki olaraq bağlandığını təsdiqləyən əlamətlər görmədiklərini bildiriblər. ABŞ-nin vitse-prezidenti Cey Di Vens neft daşımalarının davam etdiyini və boğazın tam bağlanmasına dair sübut olmadığını deyib.
Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biri hesab olunur və burada baş verən hər hansı məhdudiyyət beynəlxalq bazarlara ciddi təsir göstərə bilər.







