Son dəqiqə

Şimali Koreya Kim Çen In Şimali Koreya raket sınağı

Şimali Koreya şəhzadəsi Kim Çu En kimdir?

BAKI,TurkicWorld

Təxminən səkkiz onillik ərzində Şimali Koreya hakimiyyətin ata xətti ilə ötürülməsinin sərt və dəyişməz modelinə sadiq qalıb. Mütləq hakimiyyət atadan oğula keçərək kişilərin üstünlük təşkil etdiyi, dəyişdirilməsi qeyri-mümkün görünən ənənəvi bir iyerarxiyanı möhkəmləndirib. Lakin Kim Çen Inın yeniyetmə qızı Kim Çu Enin görünməmiş şəkildə ictimaiyyət qarşısına çıxması bu sistemin sarsılması ehtimalına qapı açır. 2026-cı ilin əvvəlində rəsmi media onu partiya və ordunun yüksək rütbəli rəsmilərinin hüzurunda snayper tüfəngindən atəş açarkən nümayiş etdirdi, ardınca isə martın 19-da taktiki təlim zamanı yeni döyüş tankını idarə edərkən göstərdi.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, Çu E hazırda Kim Çen In rejiminin varisliyinə ən çox ehtimal olunan namizəddir. Artıq sual Şimali Koreya rejiminin ali qadın lider təqdim etməyə hazırlaşıb-hazırlanmaması ilə bağlı deyil, bu keçidin ənənəvi ataşahlıq (patriarxal) quruluşuna ciddi bağlı olan bir cəmiyyətdə hansı üsulla qəbul etdiriləcəyi ilə bağlıdır.

Görünən odur ki, rejim dil və vizual manipulyasiyalara, həmçinin sülalə simvolizmi ilə yarı-müqəddəs ana lider obrazının dərin harmoniyasına əsaslanan "analıq siyasəti" konsepsiyasına söykənən xüsusi bir simvol və əfsanə yaratma kampaniyası ilə öz formulunu tapıb.

Təxminən 13 yaşında olduğu təxmin edilən Kim Çu E həyatının ilk illərində diqqətdən uzaq saxlanılırdı. Lakin o, ilk dəfə 2022-ci ilin sonunda ballistik raketin buraxılış poliqonunda peyda oldu və bu səhnə onu ölkənin nüvə çkindirmə sistemi ilə simvolik olaraq əlaqələndirdi. Son fotoşəkillər isə onun sahədə daha fəal və aktiv iştirakını ortaya qoyur. Bu tədrici vizuallıq vasitəsilə rejim onun imicini kölgədə qorunan bir varisdən formalaşmaqda olan bir liderə doğru yenidən qurur və onun dövlətin müdafiə sistemindəki mövqeyini möhkəmləndirir.

O, rejim onu daxili dairədə 2009-cu ildə varis seçsə də, atası Kim Çen İrin 2011-ci ildəki qəfil ölümü onun ictimaiyyət qarşısında hazırlanma dövrünü kəskin şəkildə qısaltdı və onu sürətlə öz legitimliyini qurmaq və səlahiyyətlərini sübut etmək kampaniyasına itələdi.

Hakimiyyətinin ilk ilində Kim Çen In, başda Baş Qərargah rəisi Ri Yonq Ho olmaqla, nüfuzlu hərbi elitanı kənarlaşdırdı və özü Koreya Xalq Ordusunun Ali Baş Komandanı postuna yüksəldi. Bu gün qızı üçün hazırlanan kampaniyaya bənzər şəkildə, o dövrdə də rəsmi media daxili auditoriyanı onun döyüş təlimlərinə rəhbərlik etdiyi və strateji silah sınaqlarına nəzarət etdiyi kadrlarla doldurmuşdu.

Kim Çu Enin erkən yaşda üzə çıxması rejim daxilində varislərin hazırlanma tempində nəzərəçarpan dəyişikliyi göstərir. Kim Çen İl və Kim Çen In açıq şəkildə təqdim olunmağa başlayanda birincinin otuzdan çox, ikincinin isə iyirmidən çox yaşı vardı. Bu gün Çu Enin bu qədər erkən yaşda təqdim edilməsi, çox qüvvətli ehtimalla Kim Çen Inın səhhəti ilə bağlı gəzən narahatlıqların diktə etdiyi, varislik qrafikinin görünməmiş dərəcədə sürətləndiyindən xəbər verir.

Bununla belə, Kim Çu Enin qadın olması, kişilərin hegemonluq etdiyi hərbi struktur daxilindəki köklü qərəzləri aşmaq üçün rejimdən daha uzun və daha ehtiyatlı bir yol tələb edir. Onu indidən ön plana çıxarmaqla rejim, hakimiyyətin faktiki ötürülməsindən çox əvvəl onun nüfuzunu möhkəmləndirmək və gələcək lider obrazını təbii hala gətirmək üçün özünə kifayət qədər vaxt qazanır.

Rejim həmçinin xüsusi hazırlanmış təltif və titullar seriyası vasitəsilə Kim Çu Enin statusuna işarə edib. 2022-ci ildəki ilk görünüşündə rəsmi media onu "sevimli övlad" kimi təsvif edirdisə, bu vəsf sürətlə "hörmətli övlad" səviyyəsinə qaldırıldı. Bu keçid Kim Çen Inın simvolik olaraq "gənc general" rütbəsindən "hörmətli yoldaş" rütbəsinə yüksəldilməsini xatırladır. 2024-cü ilin əvvəlində isə rəsmi media daha da irəli gedərək Kim Çu Eyə münasibətdə tarixən yalnız ali liderə və ya təyin olunmuş varisə aid edilən "Böyük rəhbər" (Axa) ifadəsini işlətdi.

Gizli böyük oğul iddiası və tarixi presedentlər

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Kim Çen Inın üç övladının olduğunu və onların arasında böyük bir oğulun da yer aldığını ehtimal edir ki, bu da Kim Çu Enin niyə potensial varis kimi ön plana çıxarıldığı sualını doğurur. Bəzi analitiklər hesab edirlər ki, o, qlobal kəşfiyyat orqanlarının diqqətini əsl kişi varisdən yayındıran bir "bəşəri qalxan" rolu oynaya bilər. Lakin kəşfiyyat xidməti belə bir oğulun mövcud olacağı təqdirdə onun xaricdə gizlədilməsinin praktik olaraq qeyri-mümkün olduğu qənaətinə gəlib. Həmçinin rejim böyük oğulun varlığını heç vaxt rəsmən etiraf etməyib və dövlət mediası onu heç bir tədbirdə nümayiş etdirməyib.

Böyük oğulun mövcudluğu barədə xəbərlər doğru olsa belə, böyük kişi övladın kənarda qoyulması nə Şərqi Asiya tarixində, nə də Kim ailəsinin öz ənənələrində bir ilk deyil. Koreyanın Çoson sülaləsi dövründə taxtın varisliyi çox vaxt doğum ardıcıllığından ziyadə səriştə və siyasi məqsədəuyğunluq tənzimləmələrinə tabe idi. Eyni şəkildə, Kim Çen İl də öz böyük oğlu Kim Çen Namdan yan keçərək Kim Çen Inın hakimiyyətə gəlməsinə yol açmışdı.

Kim Çen Inın hakim idarəçi "Koreya Fəhlə Partiyası"nın Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsini tutan Kim Yo Conq adlı kiçik bacısı da var. Burada digər bir sual ortaya çıxır: O, niyə rejim daxilində köklü təcrübəyə və güclü nüfuza sahib olan bacısını deyil, hələ siyasi sınaqdan keçməmiş yeniyetmə qızını hazırlamağı seçir?

Cavab, mahiyyətcə, "Pektu sülaləsi" əfsanəsində gizlənir. Şimali Koreya rəvayətinə görə, Çin və Şimali Koreya sərhədində yerləşən aktiv vulkan olan Pektu dağı ilk Koreya krallığının əfsanəvi qurucusunun doğulduğu yer və Kim Çen İrin iddia edilən doğum məkanıdır. Həmçinin Kim İr Senin 1930 və 1940-cı illərdə müstəqillik uğrunda mübarizə zamanı bu dağı yapon əsgərlərindən sığınacaq olaraq istifadə etdiyi iddia olunur.

Rejim bu dağdan Kim ailəsinin nəslinin müqəddəsliyinin və sülalənin aliliyinin simvolu kimi istifadə edir. Kim Yo Conq da eyni sülaləyə mənsub olsa da, hakimiyyətin bacı və ya qardaşa üfüqi şəkildə keçməsi ailə daxilində rəqib qolların yaranmasına qapı aça və rejimin nəsillər boyu möhkəmləndirməyə çalışdığı şaquli varislik xəttini poza bilər. Buna görə də, "Pektu sülaləsi" doktrinası sərt şaquli varislik prinsipinə əsaslanır ki, mütləq hakimiyyət əsas qolun saflığını qorumaq üçün birbaşa ali liderdən onun övladlarından birinə keçsin.

Bununla belə, Kim Yo Conq rejim daxilində nüfuzlu və həyati vacib bir siyasi oyunçu olaraq qalır. O, tez-tez ən kəskin diplomatik bəyanatları səsləndirən bir qol kimi çıxış edir ki, bu da daxili və beynəlxalq mənfi reaksiyaları öz üzərinə götürməyə, eyni zamanda icraedici hakimiyyəti idarə edən qadın obrazını təbii hala gətirməyə imkan verir. Bu nöqteyi-nəzərdən rejim onun qardaşı qızını (Çu Eni) daha fərqli — müdrik, təmkinli, "daha nəzakətli" və daha sabit bir liderliyi təmsil edən bir varis kimi ictimaiyyətə təqdim edə bilir.

Kim Çu Enin seçilməsi həm də rejim daxilində risklərin idarə edilməsinə yönəlmiş daha geniş bir yanaşmanı əks etdirir. Hakimiyyətin tamamilə rəhbər ətrafında mərkəzləşdiyi avtoritar sistemlərdə varisin təyin edilməsi çox vaxt nüfuz uğrunda erkən yarışa səbəb olur. Çünki rəqib loyallıq və korrupsiya şəbəkələri yeni varisin ətrafında qruplaşmağa başlayır ki, bu da hakim elitanın parçalanması və güc mərkəzlərinin vaxtından əvvəl yenidən paylanması təhlükəsini yaradır. Lakin tamamilə mövcud rəhbərdən asılı olan azyaşlı bir varisin mövcudluğu bu riski böyük ölçüdə məhdudlaşdırır. Partiya aparatında geniş nüfuz qazanmış bibisindən fərqli olaraq, Kim Çu E bu müstəviyə müstəqil bir qrup bazası olmadan daxil olur ki, bu da hazırki mərhələdə onun atasının mütləq hakimiyyətinə birbaşa təhdid mənbəyinə çevrilməməsini təmin edir.

"Analıq siyasəti" və gender stereotiplərinin aşılması

Kim Çu Enin seçilməsi elitanın parçalanması riskini azaltsa da, rejimi başqa bir ideoloji sınaqla üz-üzə qoyur. Düzdür, Şimali Koreyada idarəçiliyin legitimliyi onilliklər boyu ataşahlıq ənənələrinə və hərbi-dominant mədəniyyətə əsaslanıb, lakin Şimali Koreya liderliyini yalnız patriarxal ölçüdə görmək müəyyən bir dil çaşqınlığından qaynaqlanır. Qərb mediası Kim İr Senin tarixi titulunu çox vaxt "Patriarxal Lider" kimi təqdim edir, halbuki bunun daha dəqiq tərcüməsi "Valideyn Lider" (Rəhbər Ata) ifadəsidir.

Əslində, daxili təbliğatın daha dərindən oxunması göstərir ki, rejim uzun müddətdir patriarxal strukturla analıq simvolizmini birləşdirir. Tədqiqatçı Brayan Reynolds Mayers qeyd edir ki, Şimali Koreya öz xalqına qayğıya möhtac övladlar kimi yanaşan bir "analıq sistemi" kimi fəaliyyət göstərir. Bu, mütləq bir emosional loyallığı təmin edir və uşaqların özünü fəda edən valideyndən daimi asılılığına bənzər bir bağlılıq yaradır. Buradan görünür ki, "Valideyn Lider" anlayışındakı bu ikililik ali rəhbərlik obrazına daha böyük çeviklik qazandırır.

Bu analıq formulu rəsmi vizual sənətdə və Şimali Koreya təbliğatında geniş yer tutur. Kim İr Sen tez-tez yumşaq və şəfqətli bir formada, ağlayan vətəndaşları öz geniş sinəsinə sıxarkən və ya kiçik əsgərlərin ayaqqabılarının bağlarını bağlamaq üçün əyilərkən təsvir olunur.

Bu ritorika Kim Çen İl dövründə də davam etdi; rəsmi media onu "dünyanın bütün analarından daha analıq hissinə sahib olan rəhbər" kimi vəsf edirdi. Onun hərbi yoxlamaları barədə hesabatlarda taktiki bacarıqlarından daha çox, əsgərlərin sağlamlığı və rahatlığına göstərdiyi incə qayğı ön plana çıxarılırdı. Mayers qeyd edir ki, beynəlxalq aləmin Kim Çen İrin solğun gödəkcəsi və sanki yuxudan yenicə durmuş imici ilə bağlı etdiyi lağlar, onun Şimali Koreya daxilindəki daxili mənasını qaçırmışdı. Ölkə vətəndaşlarının gözündə bu yorğun lider, övladlarının rahatlığı üçün öz rahatlığını və xarici görünüşünü fəda edən bir anaya bənzəyirdi.

Kim Çen In da bu imici qoruyub saxlayıb; o, hərbi paradlar və ictimai çıxışlar zamanı ağlayaraq, "analıq sistemi"nin rəhbərindən gözlənilən həssas və kədərli obrazı nümayiş etdirib. Dövlət mediası onun coşğulu duyğularını və vətəndaşların gündəlik həyat detallarına göstərdiyi diqqəti qabartmağa xüsusi önəm verir. Bu emosiya və kədərin tez-tez nümayişi vasitəsilə Kim öz imicini sadəcə Ali Baş Komandan kimi deyil, həm də millətin dərdini çiyinlərində daşıyan fədakar bir qoruyucu kimi gücləndirir.

Eyni şəkildə, tədqiqatçı Sonya Ryanq hesab edir ki, Şimali Koreya vətəndaşının kimliyi liderlə olan emosional bağ vasitəsilə formalaşır. Rəsmi m'lumatlar onun vətəndaşlara yaxınlığına və şəfqətinə fokuslanaraq dövlətin özünü böyük bir ailə strukturuna çevirir. Təbliğat şeirlərində hakim partiya vətəndaşın həyatının başlayıb bitdiyi "ana" və "sinə" kimi göstərilir ki, bu da analıq dövlətinə olan asılılığı açıq şəkildə möhkəmləndirir. Bu baxımdan, Kim Çu Enin varisliyi qarşısındakı patriarxal maneə düşünüldüyündən daha az sərtdir; rejim potensial müqavimət şərtlərini yenidən formalaşdırır və hər hansı bir açıq etiraz məkanını daraldır.

Buna baxmayaraq, rejim hələ də kişilərin üstünlük təşkil etdiyi hərbi elita daxilindəki bürokratik və institusional donuqluğu aşmaq məcburiyyətindədir. Buna nail olmaq üçün o, Kim Çu Enin siyasi kimliyini ənənəvi gender stereotiplərindən tamamilə təmizləyir. O, mediada nadir hallarda zərif və ya incə qadın cizgiləri ilə peyda olur; əksinə, çox vaxt tünd rəngli və uzun dəri gödəkcələrdə görünür. Onun geyimləri, duruşu və ictimaiyyət qarşısındakı davranışı atasının avtoritar obrazını əks etdirir. Kameralar qarşısında Kim Çen In ona sadəcə asılı bir qız övladı kimi deyil, hazırlanan bir bərabərhüquqlu tərəfdaş kimi yanaşır. Qoşunların təftişi zamanı onlar yan-yana addımlayırlar, Kim Çu E rəsmi fotoşəkillərin tam mərkəzində yerləşdirilir, o dərəcədə ki, o, yüksək rütbəli zabitlərdən hərbi salam qəbul edir, hətta bibisindən belə hörmət əyilmələri görür.

Ata ilə qızı arasındakı bu dumanlı sərhədlər Kim Çu Eni müqəddəs inqilabi ruhun birbaşa daşıyıcısı mövqeyinə qoyur ki, bu da elitanı ona bioloji cinsindən ziyadə, mütləq hakimiyyət və sülalənin davamlılığı pəncərəsindən baxmağa vadar edir. Bununla rejim onu ənənəvi gender məhdudiyyətlərindən yuxarı qaldırır və yarı-müqəddəs bir mərtəbəyə yaxınlaşdırır.

Tarixi analogiya: İmperator Vu Çao

Bunun tarixi paralelliyini Çin tarixində imperator titulunu daşımış yeganə qadın olan İmperator Vu Çaonun (Wu Zhao) fəaliyyətində tapmaq olar. Qadınları idarəçilikdən kənarlaşdıran köklü kişi bürokratiyası ilə üz-üzə qalan Vu Çao, öz yüksəlişini keçmiş qadın siyasi xadimlərin panteonunu quraraq qanuniləşdirmişdi. Özünü ilahi xarakterli personajlarla əlaqələndirməklə o, müzakirəni gender məsələsindən çıxarıb siyasəti aşan taleyüklü bir rəvayətə çevirdi, beləcə onun bioloji cinsi idarəçilik tərəzisində çəkisi olmayan bir detala çevrildi.

Görünən odur ki, Pxenyan "Pektu sülaləsi"nə gender sərhədlərini aşan, Vu Çaonun qurduğu ilahi panteonu xatırladan müqəddəs bir varlıq kimi yanaşır. Çin rəsmilərinin özünü ilahi təzahür kimi təqdim edən bir hakimiyyətlə mübahisə edə bilmədiyi kimi, Şimali Koreya generalları da Pektu irsinin canlı təcəssümünə açıq şəkildə meydan oxuya bilmirlər. Beləliklə, Kim sülaləsinin müqəddəsliyi bütün digər sosial müqavilələrdən üstün olur və rejimin məntiqində Kim Çu Eyə qarşı çıxmaq, onun müqəddəs legitimliyinin özünə qarşı çıxmaq deməkdir.

Kim Çu Enin statusunun yüksəldilməsi totalitar dövlət idarəçiliyi sənətində nəzərəçarpan bir təkamülü göstərir; Şimali Koreya rejimi müasir avtoritar tarixdə ilk qadın varisliyini qəbul etdirməyə çalışır. Nəticə etibarilə, Kim Çu Enin sürətli yüksəlişi sübut edir ki, Kim sülaləsinin sağ qalmaq və mütləq nəzarəti qorumaq instinkti, hətta ən dərin patriarxal struktur və hakimiyyət formalarından da öndə gəlir, beləcə Çu Enin varisliyi strateji baxımdan sadəcə mümkün bir ehtimal deyil, qaçılmaz görünən bir yola çevrilir.

Mövzuya görə xəbərlər