BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Tramp amerikalı bir rəsminin ABŞ-də İran nümayəndə heyəti ilə üç saat davam edən görüş keçirdiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Tramp bu barədə BMT Baş Assambleyasının sessiyası çərçivəsində jurnalistlərə danışarkən bildirib. ABŞ Prezidenti görüşdə iştirak edən rəsmin kimliyini və danışıqların məzmununu açıqlamayıb.
Trampın açıqlaması onun BMT Baş Assambleyasındakı çıxışında İranla bağlı sərt xəbərdarlıq etməsindən sonra səslənib. O, çıxışı zamanı Tehranla razılaşmanın əldə olunmayacağı təqdirdə İrana qarşı son dərəcə ağır hərbi addımların atıla biləcəyini bildirib.
Üç saatlıq görüşün keçirilməsi Vaşinqton və Tehran arasında gərginlik fonunda birbaşa diplomatik təmasların davam etdiyini göstərir. Lakin tərəflər görüşün nəticələri ilə bağlı hələlik ətraflı məlumat açıqlamayıblar.







