BAKI,TurkicWorld
Şimali Koreya lideri Kim Çen In artilleriya qüvvələrinin daha da gücləndirilməsi, hərbi istehsalın genişləndirilməsi, eləcə də hücum və müdafiə silah sistemlərində süni intellektdən (Sİ) istifadənin səviyyəsinin artırılması ilə bağlı tapşırıqlar verib.
Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
"Artilleriyamız ən yüksək intensivliyə, dağıdıcı gücə, kütləviliyə və hərtərəfli hücum qabiliyyətinə malik olmalı, iki mühüm vəzifənin – çəkindirmə və müharibə aparma funksiyalarının öhdəsindən gəlməlidir", - deyə KCNA Kim Çen Inın sentyabrın 16-18-də müdafiə sənayesinin aparıcı müəssisələrinə səfəri zamanı söylədiklərini sitat gətirib.
Onun sözlərinə görə, artilleriyanın və digər komponentlərin modernləşdirilməsi artıq silahlı qüvvələrin tərkibində və mümkün münaqişəyə cavab planlarında dəyişikliklərə gətirib çıxarır. Kim Çen In ölkənin hərbi sənayesinin genişləndirilməsi və gücləndirilməsini, perspektivli istehsal planlarının həyata keçirilməsi üçün müəssisələrin texnoloji infrastrukturunun təkmilləşdirilməsini də tələb edib.







