Azərbaycan Sahil Babayev Maliyyə nazirliyi Süni intellekt rəqəmsal transformasiya rəqəmsal iqtisadiyyat dövlət maliyyəsi Rəqəmsal dövlət maliyyəsi RƏT

Azərbaycan dövlət maliyyəsinin rəqəmsallaşdırılmasında süni intellektdən istifadəni genişləndirir

BAKI,TurkicWorld

Azərbaycanın maliyyə naziri Sahil Babayev oktyabrın 6-da Rəqəmsal Əməkdaşlıq Təşkilatının (RƏT) Baş katibi Dima əl-Yəhyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər rəqəmsal transformasiya, innovasiyaların maliyyələşdirilməsi və dövlət maliyyəsinin idarə edilməsində yeni texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, görüşdə milli rəqəmsal prioritetlərin maliyyələşdirilməsi, dövlət investisiyalarının səmərəliliyinin artırılması, innovativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi, həmçinin rəqəmsal infrastruktur və innovasiya sahələrində investisiya tərəfdaşlıqlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sahil Babayev rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal iqtisadiyyatların inkişafı və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsində RƏT-in rolunu yüksək qiymətləndirib. Nazir Azərbaycanın təşkilata üzvlüyünün təsdiqlənməsi ilə bağlı qərarın məmnunluqla qarşılandığını bildirərək RƏT ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə bildirilib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin rəqəmsal transformasiya gündəliyinin əsas istiqamətlərini müəyyənləşdirir. Sənəd süni intellekt, innovasiya, kibertəhlükəsizlik və digər prioritet sahələri əhatə edir.

Sahil Babayev rəqəmsal inkişafın Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə yaradılmış Rəqəmsal İnkişaf Şurası bu sahədə dövlət siyasətinin formalaşdırılması və əlaqələndirilməsi, tədbirlərin icrasının koordinasiyası və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Danışıqlar zamanı dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlar da təqdim olunub. “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) büdcə idarəçiliyi, xəzinədarlıq, mühasibat uçotu, dövlət satınalmaları və dövlət əmlakının idarə olunması proseslərini vahid rəqəmsal mühitdə birləşdirdiyi bildirilib.

Sistem həmin proseslərin daha səmərəli, çevik və operativ şəkildə həyata keçirilməsinə imkan yaradır. Bununla yanaşı, dövlət maliyyəsinin idarə edilməsində süni intellekt texnologiyalarının tətbiqi imkanları da nəzərdən keçirilir.

Sahil Babayev RDMİS çərçivəsində süni intellekt texnologiyalarına əsaslanan həllərin hazırlanmasına başlanıldığını bildirib. Gələcəkdə bu texnologiyalardan maliyyə təhlili, risklərin müəyyənləşdirilməsi, proqnozlaşdırma, anomaliyaların aşkarlanması və qərarların qəbuluna dəstək məqsədilə istifadə edilməsi üçün geniş imkanların olduğu qeyd edilib.

Dima əl-Yəhya Azərbaycanın rəqəmsal transformasiya və dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, RƏT çərçivəsində rəqəmsal inkişaf, süni intellekt, innovasiya və investisiya tərəfdaşlığı sahələrində Azərbaycanla təcrübə mübadiləsinin və praktiki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə xəzinə sisteminin modernləşdirilməsi, rəqəmsal transformasiya layihələrinin maliyyələşdirilməsi və investisiya imkanları da müzakirə edilib. Dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə yanaşı, özəl kapitalın və beynəlxalq maliyyə institutlarının maliyyə resurslarının səfərbər edilməsinin, həmçinin rəqəmsal infrastruktur və innovasiya layihələrinə investisiyaların təşviqinin əhəmiyyəti vurğulanıb.

Mövzuya görə xəbərlər