Son dəqiqə

Süni intellekt

Azərbaycandilli süni intellekt modelləri hazırlanır

Bakı,TurkicWorld

Azərbaycan dövlət xidmətlərinin göstərilməsində istifadə olunacaq Azərbaycandilli süni intellekt modelləri hazırlayır.

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştə" mövzusunda müzakirədə deyib.

O bildirib ki, süni intellekt elektron məktubların və sənədlərin hazırlanmasından uşaqların ev tapşırıqlarına qədər həyatın müxtəlif sahələrində istifadə olunur. Bununla belə, texnologiyanın cavabları çox vaxt eyni mədəni baxış bucağını əks etdirir.

"Süni intellektdən ailənin yaşlı valideynə necə qayğı göstərməli olduğunu soruşduqda, o, peşəkar qulluq variantlarından danışacaq. Bizim cəmiyyətlərin əksəriyyətində, o cümlədən Azərbaycanda isə valideyn sadəcə bizimlə birlikdə yaşayır. Bu, xidmət seçimi ilə bağlı qərar deyil, bizim kimliyimizin bir hissəsidir", – deyə R.Həsənov vurğulayıb.

Nazir müavini əlavə edib ki, süni intellekt çatbotuna bir milyard deyil, bir milyon insanın danışdığı dildə müraciət edildikdə cavablar daha qısa və zəif ola, sistem isə tədricən ingilis dilinə keçə bilər. Onun sözlərinə görə, bu cavablar yanlış olmasa da, natamamdır və məhdud mədəni perspektivi əks etdirir.

"Bu gün əsas sualımız budur: dünyanı ekran vasitəsilə tanıdığımız zaman ekran bizə kimin dəyərlərini təqdim edir? Eyni texnologiya insanları və icmaları bir-birinə bağlaya, onların bir-birindən öyrənməsinə kömək edə bilər. Eyni zamanda, müxtəlif mədəniyyətləri onun öyrədildiyi bir neçə dil və baxış bucağı ilə məhdudlaşdıra bilər. Bunun hansı istiqamətdə inkişaf edəcəyinə maşınlar deyil, insanlar qərar verir", – o deyib.

R.Həsənov UNESCO-nun mədəniyyətlərarası rəqəmsal səriştə çərçivəsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, rəqəmsal cihazdan istifadə etməyi bilmək kifayət deyil: insanlar bir-birini dinləməyi, başqalarının baxış bucağını anlamağı və ekranın təqdim etdiyi məlumatları sorğulamağı da bacarmalıdır.

Onun sözlərinə görə, Azərbaycanın süni intellekt strategiyası və 2026–2028-ci illər üzrə rəqəmsal inkişaf fəaliyyət planı xidmətlərin yaşından, dilindən və bacarıqlarından asılı olmayaraq hər bir vətəndaş üçün əlçatan olmasını hədəfləyir.

"Qlobal şirkətlər obyektiv səbəblərdən 10 milyonluq bazar üçün Azərbaycan dilində model hazırlamayacaqlar. Buna görə də bu imkanları özümüz yaradırıq. Bu, bizim üçün suverenlik məsələsinə çevrilib", – nazir müavini bildirib.

O qeyd edib ki, vətəndaşların dövlətlə əlaqəsi üçün vahid platforma olan my.gov tətbiqində nitqin mətnə çevrilməsi və ilk agent əsaslı xidmətlərin tətbiqinə başlanılıb. İlin sonunadək platformada bu xidmətlərin sayının artırılması nəzərdə tutulur.

R.Həsənov vətəndaşların süni intellekt və kibertəhlükəsizliyin əsaslarını, düzgün sorğu hazırlamağı, saxta xəbərləri və dələduzluq cəhdlərini müəyyənləşdirməyi bilməsinin vacibliyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu məqsədlə müxtəlif qruplar üçün təlim proqramları elan edilib. Bu yaxınlarda başladılan "Rəqəmsal Üfüqlər" proqramı çərçivəsində 275 qurumdan 25 mindən çox dövlət qulluqçusuna qarşıdakı aylarda təlim keçilməsi planlaşdırılır.

Nazir müavini bildirib ki, Elm və Təhsil Nazirliyi ilə birlikdə məktəblərdə süni intellektin təhlükəsiz tətbiqi genişləndirilir. Artıq bir sıra alətlərdən istifadə olunur, daha çox alətin tətbiqi də nəzərdə tutulur.

"Bu gün uşaqlar rəqəmsal mühitdə manipulyativ alqoritmlər, zərərli məzmun, asılılıq yaradan dizayn və tanımadıqları şəxslərlə ünsiyyət kimi real təhlükələrlə üzləşirlər", – o deyib.

R.Həsənov bildirib ki, parlament bu il uşaqların sosial mediada təhlükəsizliyi ilə bağlı qanun qəbul edib. Onun sözlərinə görə, Azərbaycan 16 yaşadək uşaqlar üçün sosial mediadan istifadəni qadağan edən ilk ölkələrdən biri olub.

Nazir müavininin sözlərinə əsasən, 16 yaşadək uşaqların sosial media hesabı açmasına yol verilmir, 16–18 yaş arasında isə bunun üçün valideyn razılığı və valideyn nəzarəti paneli tələb olunur. Platformalar həmçinin uşaqlar üçün sonsuz sürüşdürmə və avtomatik oxutma funksiyalarını söndürməli, hədəflənmiş reklamları dayandırmalı və zərərli məzmunu 24 saat ərzində silməlidir.

"Biz hesab edirik ki, texnologiya uşaqlarımıza xidmət etməlidir. Rəqəmsal dövr, buna hazır olub-olmamağımızdan asılı olmayaraq, mədəniyyətlərarası olacaq. Bizim vəzifəmiz onun həm də insan yönümlü olmasını təmin etməkdir", – deyə R.Həsənov əlavə edib.

Mövzuya görə xəbərlər