BAKI,TurkicWorld - cagri.az Müəllif RƏŞAD CABİRLİ
1818-ci ildə, sənaye inqilabının Avropanı dəyişdirdiyi bir dövrdə gənc Meri Şelli qəribə dərəcədə gələcəyə toxunan bir əsər yazdı: “Frankenşteyn və ya Müasir Prometey”.
Əsər insanın biliyə və gücə can atması, bacardığını etməsi və sonra ortaya çıxan nəticənin məsuliyyətindən qaçması haqqında faciədir.
Gənc alim Viktor Frankenşteyn həyatın sirrini açmaq istəyir. Uzun araşdırmalardan sonra cansız bədən parçalarından insanabənzər bir varlığa həyat verir. Amma nəticəni görəndə dəhşətə gəlir və onu tərk edir.
Dünyada tək qalan məxluq insanları müşahidə edərək danışmağı, oxumağı, sevməyi öyrənir. O da qəbul edilmək və yaxınlıq görmək istəyir. Lakin insanlar görünüşündən qorxur, onu qovur və rədd edirlər. Zamanla bu tənhalıq və nifrət onu dəyişdirir.
Məxluq Viktorun qarşısına çıxaraq özü üçün bir yoldaş istəyir. Viktor əvvəl razılaşsa da, sonradan bunun daha böyük təhlükəyə çevrilə biləcəyindən qorxaraq düzəltməkdə olduğu ikinci varlığı məhv edir. Bundan sonra məxluq Viktordan intiqam almağa başlayır. Viktor yaxınlarını bir-bir itirir. Sonda onun həyatda yalnız bir məqsədi qalır; öz əli ilə meydana gətirdiyi nəticəni tapıb məhv etmək.
Uzun təqibdən sonra Viktor taqətdən düşür və ölür. Məxluq isə onun cəsədi qarşısında sevinmir. Əksinə, anlayır ki, intiqam ona nə sevgi, nə ailə, nə də rahatlıq gətirib.
Romanın sonunda nə Viktor qalibdir, nə də məxluq.
Biri bacardığı şeyi etməzdən əvvəl nəticəsini düşünmədi, digəri isə gördüyü haqsızlığın cavabını nifrət və intiqamla verdi.
Meri Şellinin əsas sualı da burada başlayır:
İnsan yalnız “bunu edə bilərəmmi?” deyə düşünməlidir, yoxsa “bunu etsəm, nəticəsinin məsuliyyətini daşıya biləcəyəmmi?” sualını da verməlidir?
İlk baxışda bu, ölüyə həyat verməyə çalışan alim və onun meydana gətirdiyi məxluq haqqında qorxu romanıdır. Amma əsərin dərinliyində daha böyük bir sual dayanır:
İnsan öz əli ilə meydana gətirdiyi nəticələrə görə nə qədər məsuliyyət daşıyır?
Prometey qədim yunan mifologiyasında odu insanlara gətirən obrazdır. Od insanın həyatını dəyişdi: istilik verdi, işıq verdi, inkişafın yolunu açdı. Amma həmin od yandırmaq və məhv etmək gücünə də sahib idi. Viktor Frankenşteyn də ona verilmiş elmi imkanların sərhədini sonadək yoxlamağa çalışır. Onun əsas faciəsi yalnız etdiyinin böyüklüyü deyil.
Əsas faciə bundan sonra başlayır:
O, meydana gətirdiyi nəticənin məsuliyyətindən qaçır.
Bəlkə də Meri Şellinin iki əsr əvvəl verdiyi ən güclü mesajlardan biri budur:
İnsanın biliyi artdıqca məsuliyyəti də artmalıdır.
Çünki elm özü-özlüyündə nə xeyirdir, nə də şər. Onu hansı məqsədlə və hansı əxlaqla istifadə etdiyimiz nəticəni müəyyən edir.
Birinci sənaye inqilabı (1784) buxar maşınını gətirdi.
İkinci sənaye inqilabı (1870) elektrik və kütləvi istehsalı genişləndirdi.
Üçüncü dövr (1969) kompüterləri və interneti həyatımızın mərkəzinə gətirdi.
Dördüncü sənaye inqilabı (2013) isə bizi süni intellekt, robototexnika, böyük məlumat, biotexnologiya və getdikcə daha çox avtomatlaşdırılan bir dünya ilə üz-üzə qoydu.
İnsan hər mərhələdə bir sual verdi:
“Bunu edə bilərikmi, bacararıqmı?”
Amma tarix göstərir ki, bundan daha vacib bir sual var:
“Bunu etsək, nəticəsi nə olacaq?”
Atomun sirrini öyrəndik. Ondan həm enerji əldə etdik, həm də şəhərləri məhv edə bilən silah hazırladıq.
İnterneti qurduq.
Milyardlarla insanı bir-birinə bağladı, biliyə çıxışı asanlaşdırdı. Eyni zamanda yalanın, manipulyasiyanın, nifrətin və mənəvi aşınmanın da görünməmiş sürətlə yayılmasına imkan verdi.
Sosial medianı insanları yaxınlaşdırmaq üçün qurduq. Amma bəzən eyni süfrə arxasında oturan insanları bir-birindən uzaqlaşdırdı.
Alqoritmləri bizə maraqlı olanı göstərmək üçün hazırladıq. Bir müddət sonra isə həmin alqoritmlər nəyə baxacağımızı, nəyi arzulayacağımızı, hətta bəzi hallarda necə düşünəcəyimizi formalaşdırmağa başladı.
Süni intellekti insanın işini asanlaşdırmaq üçün inkişaf etdiririk.
İndi isə qarşımızda daha ciddi bir sual dayanır:
Texnologiya insanın xidmətində qalacaq, yoxsa insan tədricən öz qurduğu sistemlərin xidmətçisinə çevriləcək?
Frankenşteyn burada yenidən qarşımıza çıxır. Çünki Viktorun əsas səhvi elmlə məşğul olması deyildi. Onun səhvi bacardığı şeylə etməli olduğu şey arasındakı fərqi düşünməməsi idi.
Elm həm nemət, həm əmanətdir
İnsan mütləq yaradıcı deyil, yaradan Allahdır!
İnsan isə Allahın ona verdiyi ağıl, elm, iradə və imkanlarla mövcud aləmi öyrənir, kəşf edir, emal edir, qurur və formalaşdırır. Bu baxımdan elm yalnız güc deyil.
Elm əmanətdir.
Sərvət əmanətdir.
Vəzifə əmanətdir.
Texnologiya əmanətdir.
İnsanın əlində olan hər imkan onun üçün eyni zamanda bir məsuliyyətdir. Deməli, əsas məsələ yalnız “nəyə qadirəm?” sualı deyil. İnsan özünə başqa bir sual da verməlidir:
“Mənə verilən bu imkanla nə etməyə haqqım var?”
Çünki hər mümkün olan şey mütləq doğru deyil.
Hər gəlirli olan şey faydalı deyil.
Hər texnoloji yenilik insanı yüksəltmir.
Hər sürət bizi doğru istiqamətə aparmır.
Bəzən çox sürətlə gedirik, amma hara getdiyimizi soruşmuruq.
Uzun illər inkişafı belə ölçdük:
Daha çox istehsal
Daha çox sürət
Daha çox gəlir
Daha çox məlumat
Daha çox avtomatlaşdırma
Amma bəlkə də yeni dövrün əsas sualı “Əldə etdiyimiz gücü necə doğru istifadə edək?”
Çünki texnologiyanın gücü artdıqca insanın əxlaqi məsuliyyəti də artmalıdır.
Əlində sadə bir alət olan insanla milyonlarla insanın davranışına təsir edə biləcək alqoritmi idarə edən insanın məsuliyyəti eyni deyil. Bir insanın əlindəki imkan böyüyürsə, cavabdehliyi də böyüyür.
Burada texnologiyanın həll edə bilməyəcəyi bir məsələ ortaya çıxır; vicdan.
Ən böyük inkişaf insanın özüdür. Meri Şellinin əsərinin iki əsrdən sonra hələ də aktual qalmasının səbəbi bəlkə də budur.
Frankenşteynin laboratoriyası artıq yalnız bir otaqda deyil;
Bu laboratoriya bu gün fabrikdədir.
Universitetdədir.
Şirkətdədir.
Telefonumuzdadır.
Sosial şəbəkələrdədir.
Süni intellekt mərkəzlərindədir.
Hətta ailəmizin içindədir.
Çünki verdiyimiz hər qərarla müəyyən nəticələr formalaşdırırıq, hər nəticənin bir məsuliyyəti var.
İnsan üçün ən böyük təhlükə yalnız gücsüzlük deyil. Bəzən ən böyük təhlükə əxlaqından daha sürətli böyüyən gücdür.
Ona görə də gələcəyin əsas sualı:
“Daha nə edə bilərik?” olmamalıdır.
Bəlkə də əsas sual budur:
“Bizə verilən imkanlardan necə istifadə etməliyik?”
Çünki insanın böyüklüyü yalnız nə qədər gücə sahib olması ilə ölçülmür. O güc qarşısında nə qədər məsuliyyət hiss etməsi ilə ölçülür. Bəlkə də tərəqqinin ən doğru tərifi budur:
Yeni imkanlar əldə etdikcə, o imkanların əmanət olduğunu unutmadan daha məsuliyyətli insana çevrilmək.







