BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp bu il Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Inla görüşəcəyini bildirib. Tramp mümkün görüşün harada və nə vaxt keçiriləcəyi barədə əlavə məlumat verməyib. ABŞ prezidentinin Kim Çen Inla yenidən görüşmək niyyətində olduğu barədə məlumatlar son günlərdə də yayılmışdı.
TurkicWorld xəbər verir ki, Donald Tramp bu açıqlamanı Ağ Evin ərazisində jurnalistlərlə söhbəti zamanı verib. ABŞ prezidenti Şimali Koreyanın nüvə imkanlarından danışaraq Kim Çen Inın sərəncamında 57 güclü nüvə silahının olduğunu iddia edib. Tramp belə bir nüvə imkanının yaranmasına əvvəlki ABŞ rəhbərliklərinin yol verməməli olduğunu bildirib.
ABŞ prezidenti Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu da vurğulayıb. Tramp daha əvvəl də Şimali Koreya rəhbəri ilə şəxsi münasibətlərini yüksək qiymətləndirmiş və bunu Pxenyanla dialoqun bərpası üçün mühüm amil kimi təqdim etmişdi.
Tramp son günlər ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verib. Şimali Koreya uzun illərdir bu təlimləri öz təhlükəsizliyinə təhdid və mümkün müharibəyə hazırlıq kimi qiymətləndirir.
Bununla belə, Pxenyan Vaşinqtonun son addımının ABŞ-yə münasibətini dəyişmədiyini bildirib. Kim Çen Inın bacısı Kim Yo Çjon ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılmasını kifayət hesab etmədiklərini və Vaşinqtonun siyasətini hələ də düşmən mövqeyi kimi qiymətləndirdiklərini açıqlayıb.
Kim Yo Çjon eyni zamanda Kim Çen Inın Donald Trampla bağlı yaxşı xatirələrinin və müsbət münasibətinin qaldığını bildirib. Lakin o, Şimali Koreya ilə ABŞ rəhbərləri arasında son vaxtlar hər hansı birbaşa əlaqənin olub-olmadığı barədə məlumatının olmadığını deyib.
Donald Tramp ilk prezidentliyi dövründə Kim Çen Inla üç dəfə görüşüb. 2019-cu ildə Koreya yarımadasındakı silahsızlaşdırılmış bölgədə keçirilən görüş zamanı Tramp hərbi sərhəd xəttini keçərək Şimali Koreya ərazisinə daxil olan ilk fəaliyyətdə olan ABŞ prezidenti olmuşdu.
Ağ Ev Trampın bu il keçirəcəyini bildirdiyi yeni görüşün vaxtı, yeri və mümkün gündəliyi barədə hələlik ətraflı məlumat açıqlamayıb.







