BAKI,TurkicWorld,Yusif Şərifzadə
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi yalnız ölkənin davranışında real və təsdiqlənə bilən dəyişikliklər baş verdiyi halda mümkün ola bilər.
TurkicWorld xəbər verir ki, Fon der Lyayen jurnalistlərə açıqlamasında sanksiyalarla bağlı Avropa İttifaqının mövqeyini izah edib.
Onun sözlərinə görə, sanksiyaların əsas prinsipi əvvəlcə praktik nəticələrin əldə olunmasını, daha sonra isə məhdudiyyətlərin yumşaldılmasının nəzərdən keçirilməsini tələb edir.
Avropa Komissiyasının sədri vurğulayıb ki, dəyişikliklər etibarlı və yoxlanıla bilən formada təsdiqlənərsə, sanksiyaların ləğvi məsələsi gündəmə gələ bilər.
Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyalar müxtəlif səbəblərlə əlaqədardır.
Onun sözlərinə görə, bu məhdudiyyətlər insan hüquqları sahəsindəki vəziyyət və kütləvi qırğın silahları ilə bağlı narahatlıqları əhatə edir.
Avropa Komissiyasının rəhbəri bildirib ki, sanksiyalarla bağlı qərarlar konkret vəziyyətə əsaslanaraq qəbul edilir.
O əlavə edib ki, Avropa İttifaqı gələcək addımlarını hadisələrin inkişafına uyğun müəyyənləşdirəcək.







