BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ, İsrail və İran arasında davam edən qarşıdurmanın təsirləri Yaxın Şərqdən kənarda da hiss olunmağa başlayıb.
TurkicWorld xəbər verir ki, ABŞ-İsrail və İran arasında davam edən qarşıdurmanın yaratdığı regional gərginlik Filippində həm iqtisadi, həm də sosial sahələrdə öz təsirini göstərməyə başlayıb.
Məlumatlara görə, Hörmüz boğazında yaranmış vəziyyət nəticəsində neft və mayeləşdirilmiş qaz tədarükündə problemlər yaranıb. Bu isə enerji qiymətlərinin artmasına və idxaldan asılı ölkələrdə iqtisadi çətinliklərin güclənməsinə səbəb olub.
Filippin hökuməti vəziyyətlə əlaqədar fövqəladə tədbirlər görən ilk ölkələrdən biri olsa da, qiymət artımlarının və enerji çatışmazlığının tam qarşısını almaq mümkün olmayıb.
İqtisadi təsirlərlə yanaşı, böhranın ölkənin müsəlman icmaları arasında da müəyyən fikir ayrılıqlarına səbəb olduğu bildirilir.
Xüsusilə Banqsamoro Muxtar Regionunda fəaliyyət göstərən bəzi dini və ictimai liderlər arasında regional hadisələrə münasibətdə fərqli yanaşmaların ortaya çıxdığı qeyd olunur.
Məlumatlarda sosial həmrəyliyin zəiflədiyi, bəzi mövzularda siyasi və ideoloji qütbləşmənin artdığı vurğulanır.
Ekspertlərin fikrincə, enerji böhranı yalnız iqtisadi göstəricilərə deyil, həm də cəmiyyətin müxtəlif təbəqələri arasındakı münasibətlərə təsir edir. Bu vəziyyət uzun müddət davam edərsə, sosial sabitlik və ictimai birlik üçün əlavə risklər yarana bilər.
Analitiklər hesab edirlər ki, enerji bazarlarındakı qeyri-müəyyənliyin davam etməsi həm Filippin, həm də idxaldan asılı digər ölkələr üçün yeni iqtisadi və sosial çağırışlar formalaşdıra bilər.







