BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın cənubunda İsrail ordusu ilə Hizbullah arasında qarşıdurmaların intensivləşdiyi bildirilir. Məlumatlara görə, son günlər bölgədə həm quru əməliyyatları, həm də hava hücumları geniş vüsət alıb.
TurkicWorld xəbər verir ki, müxtəlif hərbi mənbələrin yaydığı məlumatlara əsasən, İsrail qüvvələri son 48 saat ərzində Litani çayını keçərək Livanın cənubunda daha irəli mövqelərə doğru hərəkət edib.
Bildirilib ki, əsas döyüşlər və bombardmanlar Nabatiyə bölgəsi ilə Zawtar əl-Şərqiyyə şəhəri ətrafında cəmləşib. Hərbi ekspertlər bu ərazilərin yüksəkliklərdə yerləşməsi səbəbindən taktiki və strateji baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd edirlər.
Məlumata görə, İsrail qüvvələri Hizbullahın ikinci müdafiə xəttini yararaq üçüncü müdafiə xəttinə qarşı artilleriya və hava hücumlarını artırıb. Eyni zamanda əməliyyatların Marjayun bölgəsi və Qərbi Bəkaa vadisi istiqamətində genişləndiyi bildirilir.
Digər tərəfdən, Hizbullah İsrail hərbi texnikasına qarşı bir sıra hücumlar həyata keçirdiyini və bəzi hədəfləri vurduğunu iddia edib. Bu məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
İsrailin Baş naziri Benyamin Netanyahu sərhəd bölgəsinə etdiyi son səfər zamanı İsrail qüvvələrinin Litani çayının şimalında mövqe tutduğunu təsdiqləyib. O bildirib ki, əməliyyatlar əvvəlcədən nəzərdə tutulan coğrafi sərhədlərlə məhdudlaşmayacaq və hərbi fəaliyyətlər müxtəlif istiqamətlərdə davam etdiriləcək.
Müşahidəçilər hesab edirlər ki, Livanın cənubunda yüksəkliklərə nəzarət uğrunda mübarizə qarşıdakı günlərdə hərbi əməliyyatların gedişinə ciddi təsir göstərə bilər.







