BAKI,TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkə Birgə Müdafiə Sazişinin daha təhlükəsiz, sülhsevər və rifahlı gələcəyin qurulması üçün ortaq məsuliyyətin ifadəsi olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-da yayımlanan “Newsweek” jurnalına müsahibəsində BMT Baş Assambleyasındakı əsas məqsədlərindən danışıb.O, dünyanın ciddi dəyişikliklər və böhranlarla üzləşdiyini, Türkiyənin əsas hədəfinin münaqişələrin daha geniş ərazilərə yayılmasının qarşısını almaq, diplomatik kanalları açıq saxlamaq və tərəfləri yenidən danışıqlar masasına qaytarmaq olduğunu qeyd edib.
Türkiyə Prezidenti bildirib ki, bölgədə davam edən qarşıdurmalar təhlükəsizliyə, iqtisadiyyata və sabitliyə birbaşa təsir göstərir. O vurğulayıb ki, diplomatiyanın imkanlarını azaltmaq deyil, genişləndirmək beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir.
Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsindən Yaxın Şərqdəki gərginliklərə qədər müxtəlif böhranlarda tərəflərlə əlaqə saxlaya bilən və sülh təşəbbüsləri irəli sürən ölkədir. O, Məkkə Birgə Müdafiə Sazişinin hər hansı üçüncü ölkəyə qarşı yaradılmış ittifaq kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib.
Türkiyə lideri əlavə edib ki, məqsəd ölkələrin təhlükəsizliyini gücləndirmək, qarşısınıalma imkanlarını artırmaq və bölgədə uzunmüddətli sabitliyi təmin etməkdir. O, regional təhlükəsizliyin gərginliyi azaldan, beynəlxalq hüquqa əsaslanan və əməkdaşlığı gücləndirən yanaşma üzərində qurulmalı olduğunu vurğulayıb.







