Son dəqiqə

İsrail Livan Livan-İsrail münasibətləri hava hücumu regional münaqişə Nəbatiyyə pilotsuz uçuş aparatı artilleriya atəşi Sarı Xətt quru əməliyyatı

“Sarı Xətt”in şimalında ağır bombardmanlar davam edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusunun Livanın cənubunda quru əməliyyatlarını genişləndirməsi bölgədə hərbi gərginliyi daha da artırıb.

TurkicWorld xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bir neçə gün əvvəl ordunun “Sarı Xətt” adlandırılan xəttin daha da şimalına doğru irəliləyəcəyini və quru əməliyyatlarının genişləndiriləcəyini açıqlayıb.

İsrail ordusu bir müddət əvvəl Livanın cənubunda müəyyən etdiyi həmin xəttin cənubunda yerləşən bütün yaşayış məntəqələrini sakinlər üçün “qadağan edilmiş zona” elan etmişdi. Həmin vaxtdan etibarən bölgədə yerləşən bir sıra şəhər və kəndlərin geniş dağıntılara məruz qaldığı bildirilir.

Buna baxmayaraq, Hizbullahın silahlı pilotsuz uçuş aparatları həm Livanın cənubunda yerləşən İsrail qüvvələrini, həm də İsrailin şimal bölgələrini hədəf almağa davam edir. İsrail ordusu bu gün səhər daha bir əsgərinin öldüyünü açıqlayıb.

Məlumata görə, hazırkı əməliyyatların əsas məqsədi Hizbullah qüvvələrini daha şimal istiqamətinə sıxışdırmaqdır. Xüsusilə Nəbatiyyə bölgəsində “Sarı Xətt”in şimalında intensiv hava hücumları və artilleriya atəşləri müşahidə olunur.

İsrail ordusu ağır atəş dəstəyi ilə irəliləməyə çalışsa da, Hizbullah qüvvələrinin ciddi müqaviməti ilə qarşılaşdığı qeyd edilir.

Müşahidəçilərin fikrincə, İsrail faktiki olaraq nəzarət zonasını genişləndirməyə çalışır. Bununla yanaşı, Hizbullahın daha arxa mövqelərə çəkilərək uzaqmənzilli və fiber-optik idarə olunan pilotsuz aparatlarla hücumlarını davam etdirmək imkanına malik olduğu vurğulanır.

Ekspertlər hesab edirlər ki, bu səbəbdən İsrailin əsas strateji məqsədlərinə — Hizbullahın silahsızlaşdırılması və pilotsuz aparat hücumlarının tam dayandırılmasına — nail olması çətin görünür.

Mövzuya görə xəbərlər