BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusu son sutka ərzində Livanın cənubunda həyata keçirilən genişmiqyaslı hava hücumları zamanı Hizbullaha məxsus olduğu iddia edilən 135 hədəfə zərbə endirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, İsrail ordusunun yaydığı açıqlamada İsrailə qarşı hücumlarda istifadə olunduğu iddia edilən 10 raket buraxılış mövqeyinin Bəkaa vadisi və Livanın cənub bölgələrində vurulduğu qeyd olunub.
Məlumata görə, Hizbullaha aid olduğu deyilən bir “təlim düşərgəsi” də hava hücumları zamanı hədəfə alınıb.
İsrail ordusu həmçinin Livanın Sur (Tyre) şəhərində yerləşən 15 infrastruktur obyektinə zərbə endirdiyini açıqlayıb. Bəyanatda əlavə olunub ki, Hizbullah tərəfindən istifadə edildiyi iddia edilən raket buraxılış bazasından çıxan “silahlı qrup” da hava zərbəsi ilə məhv edilib.
Son günlər Livanın cənubunda, xüsusilə Sur, Nəbatiyyə və Bəkaa bölgələrində İsrailin hava hücumlarının intensivləşdiyi müşahidə olunur. Bölgədə artan bombardmanlar fonunda humanitar vəziyyətin daha da ağırlaşdığı bildirilir.
Livan rəsmiləri və beynəlxalq humanitar təşkilatlar mülki əhalinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq ifadə edirlər. Eyni zamanda regionda İsrail və Hizbullah arasında qarşıdurmanın daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ilə bağlı qorxular artır.







