BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın müxtəlif bölgələrində İsrailin hava hücumlarının genişləndiyi bildirilir. Ölkənin Milli Xəbər Agentliyinin yaydığı məlumata əsasən, son hücumlar əsasən şərqdə yerləşən Bəkaa vadisi və cənub yaşayış məntəqələrini əhatə edib.
TurkicWorld xəbər verir ki, məlumatlarda qədim Bəlbək şəhəri yaxınlığında yerləşən ərazilərin hədəfə alındığı qeyd olunur. Hava zərbələrinin şimaldakı Halbata qəsəbəsinə, Bəlbəyin qərbində yerləşən Bədəy və Flavi yaşayış məntəqələrinə endirildiyi bildirilib.
Məlumata görə, Livan–Suriya sərhədi yaxınlığında yerləşən Hermel bölgəsində də iki ayrı hava zərbəsi qeydə alınıb.
Bununla yanaşı, Livanın cənubunda yerləşən yaşayış məntəqələrinin də hücumlara məruz qaldığı bildirilir. Cəzzin bölgəsində yerləşən Tuffahta və Sayda yaxınlığındakı Arki qəsəbələrinin də hədəflər arasında olduğu qeyd edilir.
Livan Səhiyyə Nazirliyi son 24 saat ərzində baş verən hadisələr nəticəsində onlarla mülki şəxsin öldüyünü və yaralandığını açıqlayıb. Nazirlik hücumları “qırğınlar” kimi qiymətləndirib.
Tərəflərin yaydığı məlumatlar və itki göstəriciləri müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.







