BAKI,TurkicWorld,Yusif Şərifzadə
Pakistan və Livan məhkum olunmuş vətəndaşların cəzalarının qalan hissəsini öz ölkələrində çəkməsinə imkan verən anlaşma memorandumu imzalayıb. Tərəflər, həmçinin daxili işlər və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər.
TurkicWorldxəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Livanın daxili işlər və bələdiyyələr naziri Əhməd əl-Həccarla görüşərək ikitərəfli münasibətləri və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
Görüşdə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar, daxili işlər naziri Möhsün Rza Nəqvi, mənzil tikintisi naziri Riaz Hüseyn Pirzadə və daxili işlər üzrə dövlət naziri Təlal Çaudri də iştirak ediblər.
Şahbaz Şərif Pakistan və Livan arasında uzun illərə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirərək Livan rəhbərliyinə xoş arzularını çatdırıb.
Rəsmi açıqlamaya əsasən, tərəflər daxili işlər və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsindən məmnunluqlarını ifadə ediblər.
Görüş zamanı Şahbaz Şərif İsrailin Livana hücumlarını sərt şəkildə pisləyib, insan tələfatı və əmlaka dəyən zərərlə bağlı Livan xalqına başsağlığı verib.
Pakistanın Baş naziri ölkəsinin Livanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib. Əhməd əl-Həccar isə Livanın Pakistanla ikitərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirib.
Daha sonra Şahbaz Şərifin iştirakı ilə Pakistan və Livanın daxili işlər nazirləri məhkum olunmuş vətəndaşların köçürülməsi haqqında anlaşma memorandumu imzalayıblar.
Sənəd iki ölkə arasında hüquqi mexanizm yaradaraq məhkum olunmuş Pakistan və Livan vətəndaşlarının cəzalarının qalan hissəsini öz ölkələrində çəkməsinə imkan verəcək.







