Bakı,TurkicWorld
Pakistanın Bakıdakı Səfirliyində oktyabrın 27-də "Kəşmirin Qara Günü" ehtiramla qeyd edilib.
Tədbir 1947-ci il oktyabrın 27-də Hindistan qoşunlarının Şrinakar şəhərinə daxil olaraq Cammu və Kəşmiri əhalinin iradəsinə zidd şəkildə zorla işğal etməsinin ildönümünə həsr olunub. Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, beyin mərkəzlərinin təmsilçiləri, media nümayəndələri, Pakistan icmasının üzvləri, azərbaycanlı ziyalılar və tələbələr iştirak ediblər.
Tədbir zamanı Pakistan Prezidenti Zati-aliləri Asif Əli Zərdarinin, Baş nazir Zati-aliləri Məhəmməd Şahbaz Şərifin, eləcə də Baş nazirin müavini və xarici işlər naziri Zati-aliləri Məhəmməd İshaq Darın müraciətləri səsləndirilib.
Pakistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Sara İjaz çıxışında Pakistanın Kəşmir xalqı ilə sarsılmaz həmrəyliyini və onların ayrılmaz öz müqəddəratını təyin etmək hüququna dəstəyini bir daha vurğulayıb. O, xüsusilə 2019-cu il avqustun 5-də Hindistan Konstitusiyasının 370-ci və 35-A maddələrinin ləğvindən sonra Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmir ərazisində (IIOJK) davam edən insan hüquqları pozuntularına diqqət çəkib. Xanım Sara İjaz özbaşına həbslər, məhkəmədənkənar qətllər, media və kommunikasiya vasitələrinə tətbiq edilən məhdudiyyətlər, habelə ərazinin demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlmiş cəhdlər barədə danışıb.
O, Cammu və Kəşmir məsələsinin beynəlxalq səviyyədə tanınmış mübahisə olaraq qaldığını və birtərəfli addımların ərazinin mübahisəli statusunu dəyişdirə, eləcə də Kəşmir xalqının Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq öz müqəddəratını təyin etmək kimi legitim hüququnu sarsıda bilməyəcəyini vurğulayıb. Həmçinin Azərbaycanın Cammu və Kəşmir məsələsinə dair prinsipial və ardıcıl dəstəyini yüksək qiymətləndirib.
Tədbir çərçivəsində Hindistanın qanunsuz işğalı altında olan Cammu və Kəşmir ərazisindəki insan hüquqları vəziyyətini əks etdirən foto sərgi də təşkil olunub. Pakistan icmasının üzvləri, Azərbaycan ziyalıları, tələbələr və Pakistanın azərbaycanlı dostları Kəşmir xalqı ilə həmrəyliklərini ifadə ediblər.






