Bakı. TurkicWorld:
Azərbaycan və Pakistan arasında ədliyyə və məhkəmə sahələrində əməkdaşlığın genişləndirilməsi, hüquqi əlaqələrin inkişafı və təcrübə mübadiləsinin təşviqi məsələləri müzakirə olunub.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, bu barədə Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovun ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Xan ilə görüşündə bildirilib.
Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm tarixi, mədəni və dini bağlara əsaslandığı vurğulanıb. İki ölkə arasında strateji tərəfdaşlığın inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Şahbaz Şərifin qarşılıqlı səfərlərinin və yüksək səviyyəli görüşlərinin mühüm rolu qeyd edilib.
Tərəflər iki ölkənin ədliyyə qurumları arasında imzalanmış Anlaşma Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən tədbirləri də müzakirə ediblər.
Bildirilib ki, hakimlər və ədliyyə işçiləri üçün birgə təlim proqramları təşkil olunur. İndiyədək biri İslamabadda, digəri Bakıda olmaqla iki təlim keçirilib. Növbəti təlimin noyabr ayında İslamabadda keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, birgə təlimlərin və digər peşəkar tədbirlərin təşkili iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Görüşün sonunda Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin və hüquqi əməkdaşlığın gələcəkdə də genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.







