BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail və Livan arasında hərbi gərginlik fonunda yeni hava hücumları qeydə alınıb.
TurkicWorld xəbər verir ki, İsrail ordusu daha əvvəl təxliyə xəbərdarlığı etdiyi Livanın şərqində yerləşən Bəqaa bölgəsinə hava zərbələri endirib.
Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrailin hava hücumu Bəqaa bölgəsinin Maşğara şəhərini hədəf alıb. Bildirilir ki, hücum İsrail ordusunun Maşğara və Sahmar yaşayış məntəqələrinin sakinlərinə məcburi təxliyə çağırışı etməsindən sonra həyata keçirilib.
Məlumata əsasən, Livanın ən böyük su anbarı hesab edilən Qaraun bəndi ətrafına da üç hava zərbəsi endirilib.
Bununla yanaşı, Livanın cənubunda yerləşən Tir rayonunda Mülki Müdafiə qüvvələrinin Maaraka şəhərində dağıntılar altında qalan şəxslərlə bağlı əməliyyat keçirdiyi bildirilib.
Məlumata görə, xilasedicilər yaşayış evinin dağıntıları altından dörd qadının cəsədini çıxarıblar.
Son günlər İsrailin Livanın cənubu və Bəqaa bölgəsində hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə artırdığı qeyd olunur.







