BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin siyasi və hərbi rəhbərliyi təhlükəsizlik vəziyyəti ilə bağlı yeni müşavirə keçirib.
TurkicWorld xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivdə Müdafiə Nazirliyinin qərargahında müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Eyal Zamir ilə görüş keçirib.
Məlumata görə, görüş zamanı regional təhlükəsizlik vəziyyəti və hərbi məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşün Livanda İsrail ordusunun daha genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı ehtimalların artdığı bir dövrə təsadüf etdiyi qeyd olunur.
Son məlumatlara əsasən, İsrailin Livanın cənubunda və Bəqaa vadisində həyata keçirdiyi hərbi fəaliyyətlərin və hava hücumlarının intensivliyində artım müşahidə olunur.
Müşahidəçilər hesab edirlər ki, bölgədə qarşılıqlı hərbi fəaliyyətin artması Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə təsir göstərə bilər.







