BAKI,TurkicWorld, Nailə Babazadə
İran Silahlı Qüvvələri dövlət mediası vasitəsilə yaydığı bəyanatda Türkiyənin suverenliyinə hörmət etdiklərini və Türkiyə ərazisinə hər hansı raket atmadıqlarını bildirib. Tehran rəhbərliyi vurğulayıb ki, bölgədəki hərbi hərəkətlilik Türkiyəni hədəf almayıb.
TurkicWorld xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) isə İrandan atılan və Türkiyə hava məkanına yönələn ballistik sursatın zərərsizləşdirildiyini təsdiqləyib. Nazirliyin məlumatına görə, Suriya və İraq üzərindən keçən raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında müəyyən edilərək məhv edilib.
Sursatın havada imha edilməsindən sonra Hatayın Dörtyol rayonuna düşən qalıqlar barədə də dəqiqləşdirmə aparılıb. MSB bildirib ki, Dörtyol ərazisinə düşən parçalar İrandan atılan raketə deyil, onu zərərsizləşdirən hava hücumundan müdafiə raketinə məxsusdur. Hadisə nəticəsində can itkisi və ya yaralanma qeydə alınmayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyənin və vətəndaşların təhlükəsizliyini təmin etmək iradəsinin ən yüksək səviyyədə olduğunu vurğulayıb:
"Kimdən və haradan gəlməsindən asılı olmayaraq, torpaqlarımızın təhlükəsizliyini təmin etməyə qadirik. Hava məkanımızın müdafiəsi üçün hər növ addım qətiyyətlə atılacaq. Ölkəmizə qarşı hər hansı düşmən münasibətə cavab vermək hüququmuzun qorunduğunu xatırladırıq." - deyə Türkiyə MN qeyd edib.
Nazirlik bütün tərəfləri münaqişənin genişlənməsinə səbəb olacaq addımlardan çəkinməyə çağırıb və bu istiqamətdə NATO və digər müttəfiqlərlə məsləhətləşmələrin davam etdiriləcəyini qeyd edib.






