BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Baş naziri Benyamin Netanyahu İranın yeni hücumlarına cavab olaraq ölkəsinin sərt addımlar atacağını bildirib. O, Tehran rəhbərliyinə xəbərdarlıq edib ki, İsrailə qarşı hər hansı hücum cavabsız qalmayacaq.
TurkicWorld xəbər verir ki, Benyamin Netanyahu keçirdiyi konfrans zamanı İran liderlərinə müraciət edərək İsrailə qarşı yeni hücumların ciddi cavabla nəticələnəcəyini deyib.
Netanyahu bildirib ki, İran rəhbərliyi vəziyyətin sakit qalacağına ümid etməməlidir.
“İran liderlərinə deyirəm: bizə hücum etsəniz, hər şeyin sakit qalacağını düşünməyin”, - deyə İsrail Baş nazirinin ofisi tərəfindən yayımlanan videoda Netanyahu bildirib.
O qeyd edib ki, əvvəlki dövrlərdən fərqli olaraq, İsrailə zərbə endirildiyi halda cavab tədbirləri görüləcək.
“Artıq kimsə bizə zərbə vuranda bizim həlledici cavabla qarşılıq vermədiyimiz günlər geridə qalıb”, - deyə Netanyahu vurğulayıb.
İsrail və İran arasında son dövrlərdə artan qarşıdurma fonunda tərəflər arasında qarşılıqlı hədələr davam edir.







