Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler Türkiyə xarici işlər nazirliyi Hakan Fidan NATO sammiti

NATO-nun 36-cı Zirvə Toplantısı Ankarada işə başladı

BAKI,TurkicWorld Orxan Qədirzadə

NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı iyulun 7-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə işə başlayıb. İki gün davam edəcək sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla alyansa üzv 31 ölkənin lideri, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir.

Zirvə NATO-nun Baş katibi Mark Ruttenin rəhbərliyi ilə keçirilir. Ankara sammiti çərçivəsində müdafiə sənayesi, kollektiv təhlükəsizlik, Avro-Atlantik məkanında yeni təhdidlər, NATO daxilində məsuliyyət bölgüsü və Ukrayna müharibəsi başda olmaqla bir sıra strateji məsələlərin müzakirəsi nəzərdə tutulur.

Sammit ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankarada qəbul ediləcək qərarlar təkcə mövcud təhlükəsizlik problemlərinin həllinə deyil, həm də yaxın illərdə Avro-Atlantik təhlükəsizlik sisteminin formalaşdırılmasına təsir göstərəcək.

Onun sözlərinə görə, müasir təhlükələr daha mürəkkəb xarakter alıb və artıq ənənəvi göstəricilər müdafiə imkanlarını tam əks etdirmir. Nazir qeyd edib ki, əsas meyar yerləşdirilə bilən hərbi imkanlar, müdafiə sənayesinin istehsal gücü və əməliyyat hazırlığıdır.

Hakan Fidan vurğulayıb ki, Türkiyənin məqsədi NATO-nun daha çevik, daha güclü və daha dayanıqlı alyansa çevrilməsinə töhfə verməkdir.

Sammit çərçivəsində keçirilən "Müttəfiqlər Ankarada" tədbirində çıxış edən Türkiyənin kommunikasiya rəhbəri Burhanəddin Duran isə müasir təhlükəsizlik mühitində kibertəhlükələr, dezinformasiya, süni intellekt əsaslı manipulyasiya və kritik infrastrukturun qorunmasının NATO-nun müdafiə doktrinasının ayrılmaz hissəsinə çevrilməsinin vacibliyini bildirib.

Duran qeyd edib ki, son iyirmi ildə Türkiyədə milli müdafiə sənayesi ekosistemi formalaşdırılıb və bu sahə NATO-nun kollektiv çəkindiricilik imkanlarına birbaşa töhfə verən strateji resursa çevrilib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə büdcəsi 2021-ci ildəki 13 milyard ABŞ dollarından 2025-ci ildə 33 milyard dollara yüksəlib, yerli müdafiə məhsullarının istehsal səviyyəsi isə 82 faizə çatıb.

Burhanəddin Duran bildirib ki, müasir müharibələr yalnız yüksək texnologiyalı silahlardan deyil, davamlı istehsal imkanlarından da asılıdır. O, kütləvi istehsal və dayanıqlı logistika təmin edilmədiyi təqdirdə ən güclü orduların belə strateji iflic riski ilə üzləşə biləcəyini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də sammit çərçivəsində çıxışı zamanı NATO-nun yeni təhlükəsizlik mərhələsinə daxil olduğunu bildirib.

Nazir NATO-nun inkişafını üç mərhələyə bölərək Soyuq müharibə dövrünü "NATO 1.0", terrorizm və Balkan böhranları dövrünü "NATO 2.0", 2014-cü ildən sonrakı mərhələni isə "NATO 3.0" kimi xarakterizə edib.

Yaşar Gülərin sözlərinə görə, konvensional müharibələrin yenidən NATO sərhədlərinə yaxınlaşması, böyük dövlətlər arasında rəqabətin artması və paralel regional böhranlar alyans qarşısında yeni çağırışlar yaradıb.

Nazir Avropa müttəfiqlərinin kollektiv müdafiə sahəsində daha böyük məsuliyyət daşımalı olduğunu vurğulayaraq bildirib ki, müdafiə xərclərinin artırılması təkbaşına çəkindiricilik yaratmır. Onun fikrincə, ayrılan vəsait döyüş hazırlığına malik qüvvələrin, peşəkar şəxsi heyətin, sursat ehtiyatlarının, dayanıqlı logistika sistemlərinin və inteqrasiya olunmuş komanda strukturlarının formalaşdırılmasına yönəldilməlidir.

Yaşar Gülər qeyd edib ki, Soyuq müharibədən sonra bir sıra Avropa ölkələri silahlı qüvvələrini ixtisar etdiyi halda, Türkiyə böyük, peşəkar və yüksək hazırlıqlı ordu modelini qoruyub saxlayıb və müxtəlif əməliyyatlarda iştirak etmək imkanlarını inkişaf etdirib.

O əlavə edib ki, Türkiyə 1952-ci ildən etibarən NATO-nun yalnız ön xətt ölkəsi deyil, həm də alyansın əməliyyat yükünü daşıyan əsas üzvlərindən biri olub. Türkiyə Silahlı Qüvvələrinin Kosovo, Aralıq dənizi, Baltik regionu və Qara dəniz istiqamətlərində aktiv fəaliyyət göstərdiyini xatırladan nazir NATO qarşısında duran əsas vəzifənin siyasi öhdəlikləri qısa müddətdə real hərbi imkanlara çevirmək olduğunu bildirib.

Mövzuya görə xəbərlər