Son dəqiqə

Əhməd Əl-Şaraa Suriya ABŞ əməkdaşlığı İŞİD-ə qarşı ABŞ-Suriya əməkdaşlığı ABŞ-nin Suriya siyasəti Tramp Şara görüşü ABŞ–Suriya münasibətləri Sezar sanksiyaları Suriyada iqtisadi vəziyyət ABŞ və Suriya iqtisadiyyatı

ABŞ Şama qarşı Sezar sanksiyalarını qaldırıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp və Suriya Prezidenti Əhməd Şara Vaşinqtonda görüş keçiriblər. TurkicWorld-un məlumatına görə, Ağ Evdən verilən açıqlamada iki liderin görüşünün yerli vaxtla saat 19:00-da başladığı və görüşün mətbuata qapalı şəkildə davam etdiyi bildirilib.

Görüşlə eyni vaxtda Ağ Ev administrasiyası Suriyaya qarşı tətbiq edilən “Sezar” sanksiyalarının dayandırıldığını açıqlayıb. Məlumata görə, sanksiyalar İran və Rusiya ilə əlaqəli əməliyyatlar istisna olmaqla digər bütün istiqamətlərdə ləğv edilib.

Diplomatik mənbələr bildirib ki, tərəflər əsasən ABŞ-ın Suriyaya qarşı sanksiyaları, regional təhlükəsizlik məsələləri və humanitar yardım mexanizmləri ilə bağlı başlıqları müzakirə ediblər. “Sezar” sanksiyalarının dayandırılması görüşün əsas gündəm mövzusu kimi qiymətləndirilir.

Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti Anadolu Agentliyinə açıqlamasında “Sezar” qanununa yenidən baxılmasını və sanksiyaların yumşaldılmasını dəstəklədiyini bildirmişdi. Bu addım Vaşinqtonun Suriya ilə diplomatik münasibətləri yenidən nəzərdən keçirdiyinə dair ehtimalları gücləndirib.

Mütəxəssislər görüşü ABŞ–Suriya münasibətlərində uzun fasilədən sonra yeni mərhələnin başlanğıcı kimi dəyərləndirirlər. Sanksiyaların qaldırılması halında bölgədə geosiyasi balansda ciddi dəyişikliklərin baş verə biləcəyi qeyd olunur.

Mövzuya görə xəbərlər