BAKI,TurkicWorld, Orxan Qədirzadə
Rusiya Suriyanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara dəstəyini bir daha təsdiqləyib.
TurkicWorld xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən danışıqlar zamanı Suriya Prezidenti Əhməd əş-Şəraanı ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan irəliləyiş münasibətilə təbrik edib. Görüş suriyalı liderin son dörd ay ərzində Rusiyaya ikinci səfəri çərçivəsində baş tutub.
Vladimir Putin bildirib ki, Moskva Suriya rəhbərliyinin ölkəni birləşdirməyə yönəlmiş səylərini diqqətlə izləyir və bu kursu dəstəkləyir. O, xüsusilə Suriya ordusunun Fərat çayı bölgəsində irəliləyişini qeyd edərək, həmin ərazinin inteqrasiyasını ölkənin ərazi bütövlüyünün bərpası baxımından kritik əhəmiyyətə malik adlandırıb.
Rusiya prezidenti iki ölkə arasında iqtisadi əməkdaşlıqda da müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb və ticarət dövriyyəsinin təxminən 4 faiz artdığını açıqlayıb. O qeyd edib ki, Rusiya–Suriya münasibətləri dərin tarixi köklərə əsaslanır və yeni geosiyasi şəraitdə də inkişaf etməkdə davam edir.
Suriya Prezidenti Əhməd əş-Şəraa isə çıxışında bildirib ki, dekabr ayından bu yana tərəflər arasında 13 nümayəndə heyəti mübadiləsi həyata keçirilib və birgə əməkdaşlıq üçün geniş mövzu dairəsi mövcuddur. O, Suriyanın əsas prioritetinin ərazi bütövlüyünün bərpası olduğunu vurğulayıb və bu prosesdə Rusiyanın həm ölkədaxili, həm də regional sabitliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl açıqlamasında danışıqlar zamanı Rusiyanın Suriyadakı hərbi mövcudluğu ilə bağlı məsələlərin də müzakirə ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, Suriyada rəhbərliyin dəyişməsindən sonra Moskva ilə Dəməşq arasında münasibətlər aktiv şəkildə inkişaf edir.







