Son dəqiqə

Suriya İraq PUA hücumu Əhməd Əl-Şaraa

Suriya ordusunun İraq sərhədindəki bazaları genişmiqyaslı dron hücumuna məruz qalıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Suriya ordusu bazar ertəsi günü sübh saatlarında İraqla sərhəd yaxınlığındakı hərbi bazalarının genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alındığını bəyan edib.

TurkicWorld xəbər verir ki, bu hadisə Yaxın Şərqdə hərbi əməliyyatların başladığı dövrdən bəri qeydə alınan ən böyük dron hücumu hesab olunur.

Hərbi mənbələrin verdiyi məlumata görə, hücum zamanı istifadə olunan dronların böyük əksəriyyəti havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Suriya tərəfi hazırda mövcud variantların nəzərdən keçirildiyini və ölkə ərazisinə qarşı istənilən təhdidin qarşısını almaq üçün adekvat cavab tədbirlərinin görüləcəyini vurğulayıb.

Suriya müdafiə nazirinin Şərqi Suriya üzrə müavini Sipan Hamo bildirib ki, ötən bazar günü İraq istiqamətindən Qasrak bölgəsindəki hərbi obyektə də dörd dronla hücum cəhdi olub, lakin bu hücumlar dəf edilib. Hücumların arxasında kimin dayandığı rəsmən açıqlanmasa da, əsas şübhələr İraqdakı iranpərəst qruplaşmaların üzərinə düşür. S.Hamo rəsmi Bağdadı bu cür sabitliyi pozan halların təkrarlanmaması üçün qətiyyətli addımlar atmağa çağırıb.

Qeyd edək ki, son aylarda ABŞ qüvvələri Ət-Tanf, Şəddadi və Qasrak bazalarını tərk etməyə başlayıb. Suriya Prezidenti Əhməd əş-Şəraa regiondakı gərginlik fonunda ölkəsini münaqişələrdən kənar tutmağa çalışdığını bəyan etsə də, İraqdakı silahlı qrupların fəaliyyəti bölgədə təhlükəsizlik risklərini artırmaqda davam edir.

Mövzuya görə xəbərlər