BAKI, TurkicWorld
“Nüvə silahı statusumuz geri qaytarıla bilməz”
TurkicWorld xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çen ölkəsinin “nüvə dövləti” statusunun dəyişməz olduğunu bəyan edərək, ABŞ, Yaponiya və Cənubi Koreya tərəfindən səsləndirilən nüvəsizləşmə çağırışlarını kəskin tənqid edib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, Kim Yo Çen “nüvəsizləşmə” fikrini reallıqdan uzaq və “heç vaxt baş tutmayacaq bir xülya” kimi qiymətləndirib. O, nüvə imkanlarının ölkənin suverenliyi və təhlükəsizliyinin təminatçısı olduğunu vurğulayıb.
Kim həmçinin bildirib ki, Pxenyanın nüvə siyasəti “qəti və dəyişməz seçimdir” və heç bir “fiziki güc və ya diplomatik hiylə” ilə dəyişdirilə bilməz. O, ABŞ, Yaponiya və Cənubi Koreya nazirlərinin Brüsseldəki son görüşündə səsləndirilən bəyanatları “düşməncəsinə yanaşma” adlandırıb.
Qeyd edək ki, bu bəyanat ABŞ dövlət katibi Marko Rubionun, Yaponiyanın xarici işlər naziri İvaya Takeşinin və Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yulun Brüsseldə birgə bəyanat yayımlamasından sonra verilib. Bəyanatda Şimali Koreyadan nüvə proqramına son qoyması və bölgədə gərginliyi azaltması tələb olunurdu.







