Bakı, TurkicWorld
Çinin xarici işlər naziri Vanq Yi Qəzza və İordan çayının qərb sahilinin Fələstin xalqının ayrılmaz vətəni olduğunu və bu ərazilərin siyasi sövdələşmələrə mövzu edilməməsi lazım gəldiyini vurğulayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Fevral ayından BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çin, "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" çərçivəsində çoxtərəflilik və qlobal idarəçilik mövzusunda yüksək səviyyəli iclas təşkil edib.
Vanq Yi, Yaxın Şərqdə vəziyyətin "gərgin və kövrək" olduğunu bildirərək, iki dövlətli həll yolunun vacibliyini vurğulayıb. O, bu həll yolunun yalnız Fələstin üçün deyil, bütün Yaxın Şərqdə ədalətli və qalıcı sülh üçün zəruri olduğunu qeyd edib.
Vanq eyni zamanda BMT-nin qlobal idarəçiliyi yenidən təşkil etməli olduğunu bildirərək Təhlükəsizlik Şurasının "dar geosiyasi maraqlar" yerinə, beynəlxalq həmrəylik və əməkdaşlığa önəm verməli olduğunu söyləyib.
İclasda çıxış edən Pakistanın baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar da BMT Təhlükəsizlik Şurasının daha demokratik, hesabatlı və təmsilçi olması zərurətini vurğulayıb.
O, Qəzzada mövcud atəşkəsi "ümid işığı" kimi dəyərləndirərək, bunun qalıcı sülh üçün ilk addım olmasını arzuladıqlarını bildirib.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp, fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Qəzza zolağının nəzarətinin ABŞ-ın əlinə keçəcəyini iddia edib.
O, Qəzzanın artıq tamamilə məhv edilmiş bir bölgə olduğunu, fələstinlilərin Misir və İordaniya kimi qonşu ölkələrdə yeni qəsəbələrə köçürülməsinin daha məqsədəuyğun olduğunu bildirib. Tramp eyni zamanda fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarələrinin olmadığını da irəli sürüb.