BAKI,TurkicWorld, Nailə Babazadə
İsrail və Livan nümayəndələrini bir araya gətirən birbaşa danışıqlar ABŞ-ın Dövlət katibi Marko Rubionun ev sahibliyi ilə Vaşinqtonda başlayıb.
TurkicWorld xəbər verir ki,ABŞ Dövlət Departamentinin binasında keçirilən görüşlərdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı ABŞ-ın yüksək rütbəli diplomatları da iştirak edir. Müzakirələrə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts və hər iki ölkənin Vaşinqtondakı səfirləri qatılıblar.
Görüşün açılışında çıxış edən Marko Rubio iki ölkə arasındakı problemlərin dərhal həll olunmayacağını lakin bu danışıqların tarixi bir fürsət olduğunu bildirib. Livan xalqının "İranın təcavüzünün qurbanı" olduğunu iddia edən ABŞ rəsmisi bu məsələnin də hərtərəfli müzakirə ediləcəyini qeyd edib. Rubio sülh prosesinin zaman alacağını vurğulayaraq bugünkü əsas məqsədin qalıcı və uzunmüddətli barışı təmin edəcək çərçivə sazişinin əsaslarını müəyyənləşdirmək olduğunu diqqətə çatdırıb.







