BAKI,TurkicWorld, Nailə Babazadə
BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü verdiyi bəyanatda Sudan müharibəsinin üçüncü ildönümünün "faciəvi bir mərhələ" olduğunu bildirib və bu "kabusa" son qoymağa çağırıb.
TurkicWorld xəbər verir ki, Berlin şəhərində keçirilən beynəlxalq donorlar toplantısına video-ismarıçla qatılan Quterreş Sudanın böyük vədlər verən bir ölkədən dünyanın ən böyük humanitar böhran ocağına çevrildiyini vurğulayıb.
Baş katib münaqişə zonasından ən ağır beynəlxalq cinayətlərə dair etibarlı iddiaların mütəmadi olaraq daxil olduğunu qeyd edib. O, qadın və qızların terrora məruz qaldığını, sistematik cinsi zorakılığın hökm sürdüyünü və bütöv icmaların məhv edildiyini diqqətə çatdırıb. Quterreş bu kabusun təkcə Sudanla məhdudlaşmadığını, bütün regionu qeyri-sabitliyə sürüklədiyini bildirib. BMT rəhbəri humanitar işçilərin təhlükəsiz fəaliyyətinə şərait yaradılmasını, maliyyə dəstəyinin artırılmasını və xaricdən silah axınının dayandırılmasını tələb edərək "təkcə maliyyə sülhü əvəz edə bilməz" mesajını verib.







