Son dəqiqə

Azərbaycan ABŞ

Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

BAKI,TurkicWorld

Ölkəmizdə həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neffin və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminqin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb

Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün formalaşmış səmərəli mühit qeyd edilib. Tərəflər mövcud əməkdaşlıq potensialından daha effektiv istifadə olunmasının vacibliyini diqqətə çatdırıblar.

Müzakirələr zamanı enerji dəhlizləri, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) təşəbbüsü, Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya sütunları üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ölkəmizdə həyata keçirilən infrastruktur və nəqliyyat layihələri, rəqəmsallaşma, süni intellekt və digər prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.

Görüş çərçivəsində qarşılıqlı investisiyaların təşviqi, innovasiya və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub. Tərəflər iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Mövzuya görə xəbərlər